Bakı, 22 oktyabr, AZƏRTAC
Dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların real vaxtda çatma vaxtlarının əks olunması istiqamətində işlər aparılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a verilən məlumata görə, avtobuslarda yeni quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Hazırda bununla bağlı test işləri aparılır. Sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaqlar. Çox yaxın müddətdə bütün dayanacaqlardakı monitorlarda avtobusun çatma vaxtı haqda dəqiq məlumatlar yerləşdiriləcək. Bu xüsusi proqramın mobil versiyası üzərində də işlər aparılır və yaxın gələcəkdə istifadəyə veriləcək.