Bolnisidə Azərbaycan dilində "Ümid" adlı qəzet nəşr olunub

Bolnisidə Azərbaycan dilində "Ümid" adlı qəzet nəşr olunub
11:32 29 Dekabr 2014
94 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 11:28 ]

Gürcüstan. Nizami Məmmədzadə - APA. Azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda dövlət qeydiyyatından keçmiş "Ümid" adlı yeni müstəqil qəzet nəşr edilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni nəşr bu günlərdə Bolnisidə rəsmi olaraq fəaliyyətə başlayan Bolnisi Mədəniyyət Mərkəzinin dəstəyi ilə nəşr olunacaq.

 

12 səhifədən ibarət qəzetin redaktoru uzun illər mətbuat və təhsil sahəsində çalışan Əlixan Yəhyaoğludur. Qəzetin ilk nömrəsində Bolnisi Rayon İcra Hakimiyyəti və rayon bələdiyyəsinin rəsmi şəxslərinin, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin, yazıçı və jurnalistlərin təbriki, Azərbaycanın xalq şairləri Zəlimxan Yaqub və Nəriman Həsənzadənin şeirləri, bu il 90 illik yubileyi qeyd olunan və əslən Bolnisinin Saraclı kəndindən olan Azərbaycan riyaziyyatçısı Zahid Xəlilov haqqında, Gürcüstanda və xarici ölkələrdə baş verən hadisələr barədə xəbərlər və köşə yazılar və digər məlumatlar dərc olunub.


Qəzetin məsləhətçisi Gürcüstanın "Şərəf" ordenli kavaleri, əməkdar jurnalist Dünyamalı Kərəmdir. O, qəzetə yazdığı təbriki "Yeni doğan Günəş" adlandırıb və yeni işıq üzü görən mətbu orqanın Sovet dönəmində Bolnisidə çıxan "Al bayraq" və "Qələbə bayrağı" qəzetlərinin vətənpərvərlik ənənələrini yaşadan ilk qaranquşu, layiqli davamçısı olacağını vurğulayıb.


Qeyd edək ki, bu günlərdə Bolnisidə fəaliyyətə başlayan Bolnisi Mədəniyyət Mərkəzinə Bolnisinin Dəllər kəndindən olan Fikrət Məmmədov sədr təyin olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR