Bakı, 23 oktyabr, Elvin Camalov, AZƏRTAC
Oktyabrın 23-də Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclası işə başlayıb. İclas Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Şuranın icra orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) 25 illiyinə həsr olunub.
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın dəvəti ilə ICAO-nun prezidenti Olumuiva Benard Aliu və ICAO-nun regional direktoru Luis Fonseka de Almeyda Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliu ICAO-nun 70 illiyinə həsr olunmuş 35-ci sessiyanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu ICAO-nun prezidentinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının sessiyasında ilk iştirakıdır. O, ICAO ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında 25 il davam edən əməkdaşlığın gündən-günə məhkəmləndiyini, bunun beynəlxalq hava məkanının təhlükəsizliyinə xidmət etdiyini bildirib.
İclasda Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Mülki Aviasiya və Hava Məkanından İstifadə haqqında Sazişinin iştirakçısı olan dövlətlərin xarici işlər və nəqliyyat nazirləri, mülki aviasiya xidmətlərinin, aviasiya müəssisələrinin, təhsil və elmi mərkəzlərinin rəhbərləri, ABŞ-ın aviasiya xidmətinin nümayəndəsi, bir sıra beynəlxalq və regional təşkilatların rəhbərləri və xarici ölkələrin Azərbaycandakı səfirləri sessiyanın iclasında iştirak edirlər.
Xatırladaq ki, Dövlətlərarası Şuranın mənzil-qərargahı Şuranın 34-cü sessiyasının qərarına uyğun olaraq Bakıda fəaliyyət göstərir.
Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclası işə başlayıb
Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclası işə başlayıb
Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclası işə başlayıb