Bakı, 26 oktyabr, AZƏRTAC
“Milli konvergensiya cəbhəsi” partiyasının namizədi, keçmiş komediya aktyoru Cimmi Morales Qvatemalada keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turu çərçivəsində bülletenlərin 96 faizinin hesablandığı bildirilir. Nəticələrə əsasən C.Morales təxminən 69 faiz səs toplayaraq Qvatemalanın yeni prezidenti seçilib. Onun əsas rəqibi - “Milli ümid ittifaqı”nın namizədi, Qvatemalanın keçmiş prezidenti Alvaro Kolomun həyat yoldaşı Sandra Torres seçicilərin cəmi 31 faizinin səsini qazana bilib.
Moralesin inauqurasiyasınin yanvarın 14-də keçirilməsi planlaşdırılır. Buna qədər isə ölkədə prezident səlahiyyətlərini vitse-prezident Alexandro Maldonado Agirre icra edəcək.
Xatırladaq ki, Qvatemalada seçkilərin keçirilməsinə sentyabr ayında ölkə prezidenti Otto Peres Molinanin istefası və həbsi səbəb olub. Ölkənin baş prokurorluğu keçmiş prezidenti gömrük orqanının fəaliyyətində üzə çıxan cinayətkar sövdələşmədə, qaçaqmalçılıq və korrupsiyada ittiham edir.