Əfqanıstanın paytaxtı Kabildəki "Ariana TV" telekanalının xəbərlər proqramının aparıcısı zəlzələ barədə məlumat verərkən studiyanın yerləşdiyi bina silkələnməyə başlayıb.
Aparıcı proqramı davam etdirmək istəsə də, binanın ləngəri artıb. Bunu görən aparıcı kreslosundan durub, studiyadan qaçıb.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Əfqanıstan, Pakistan və Hindistanı vurmuş zəlzələdə 280 nəfər həlak olub, 996 nəfər yaralanıb.
Zəlzələ 2005-ci ildəki dəhşətli yeraltı təkanın baş verdiyi məkanda olub. 10 il əvvəlki zəlzələdə 75 min nəfər həlak olmuş, 3,5 milyon nəfər evsiz-eşiksiz qalmışdı.
Dünənki zəlzələ zamanı Əfqanıstanın Tahar vilayətindəki məktəblərdən birində qaçıb ölümdən qurtulmaq istəyən şagirdlərlə müəllimlər basabas yaradıblar. Basabasda 12 şagird qız həlak olub.
Dəhşətli zəlzələnin episentri Əfqanıstanın şimal-şərqində, Pakistanla sərhədin yaxınlığında, paytaxt Kabildən 254 km şimal-şərqdə, 213 km dərinlikdə, Hindiquş dağ silsiləsində idi. Gücü Rixter şkalası ilə 7,5 bal maqnitudalı olan yeraltı təkanlar Kabillə yanaşı, İslamabad və Dehlidə də hiss olunub.
Təkanlar Tacikistan, Özbəkistan, Qazaxıstan, hətta İndoneziyada da qeydə alınıb.
Pakistanın şimalında zəlzələ 130 nəfərin ölümünə, 800 nəfərin yaralanmasına səbəb olub.
Pakistan Meteorologiya Xidmətindən verilən məlumata görə, zəlzələnin maqnitudası 8,1 bal idi. Təkanlar Lahor, İslamabad, Ravalpindi, Pişəvər, Kvetta, Kohata və Malakanda hiss olunub. Abbotabad şəhərində zəlzələ torpaq sürüşməsi yaradıb.
Milli.Az

































