Bakı, 28 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC
Bakıda bulud texnologiyaları və virtuallaşma mövzusunda "VMware Tour 2015" konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın "VMware" şirkətinin Rusiya və MDB üzrə texniki direktoru Vladimir Tkaçov, şirkətin bulud texnologiyalarının inkişafı üzrə meneceri Aleksandr Kuznetsov iştirakçılara informasiya texnologiyaları infrastrukturun yeni imkanları haqda məlumat veriblər.
"VMware" nümayəndələri istənilən qurğuda əlavə üçün vahid buluddan istifadəni nəzərdə tutan yeni "One Cloud, Any Application on Any Device" konsepsiyası haqqında danışıblar.
Qeyd edilib ki, "VMware Tour" konfransları artıq dörd ildir ki, Rusiyanın və MDB-nin ən iri şəhərlərində təşkil olunur. Bu konfranslarda hər il minlərlə informasiya texnologiyaları üzrə mütəxəssis, vendor, sifarişçi və tərəfdaş iştirak edir.
Konfrans çərçivəsində "VMware Tour"un iştirakçıları virtuallaşma və bulud hesablamaları sahəsində aparıcı texnologiya və yeni məhsullarla tanış olublar.