Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışmasına qatılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin populyar müsabiqəsi “O Səs Türkiyə”də daha bir həmyerlimiz iştirak edib. Verilişin bu həftəki reklam çarxında əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva səhnəyə çıxıb. O, münsif kürsüsündə əyləşən ifaçı Murad Bozla “Gəl ey səhər” mahnısını da duet şəklində səsləndirib. Verilişin sözügedən bölümü sabah saat 10-da yayımlanacaq.

Musiqi yarışmasının münsif kürsüsündə Ebru Gündeş, Hadisə, Murad Boz, Gökhan və Hakan Özoğuz əyləşir.


"O Səs Türkiyə"nin anonsu

Həmyerlimizdən "O səs Türkiyə" müsabiqəsində axırıncı dəfə Cənubi Azərbaycandan olan İbrahim Purkazemi səhnəyə çıxaraq “Ayrılıq” mahnısını oxuyub. Ebru Gündəş İbrahim Purkazemini mahnı ifa edən zaman azərbaycanlı və yaxud Təbrizdən olduğunu təxmin etdiyini deyib. İfaçı azərbaycanlıların xüsusi səsinin olduğunu əlavə edib. İ.Purkazemi "Ayrılıq" mahnısını ikinci dəfə müğənni Murad Bozla duet şəklində səsləndirib.