Bakı, 2 noyabr, AZƏRTAC
Oktyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 268 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,3 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56 faizi yaşayış evləri və mənzillər, 2 faizi inzibati binalar, 42 faizi isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 38 faiz, sığorta haqlarının məbləğində isə 6 faiz azalma müşahidə edilib.
Oktyabr ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 343, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 34 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 18 750 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 6 898 manat təşkil edib.