R.Aslanlı bu dövrün həm də yeni bazar seqmentlərinin aktiv ticarətinin vüsət aldığı və bazarda yeni xidmətlərin təklif edildiyi bir müddətə təsadüf etdiyini bildirib. Lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və avtomatlaşdırılması məsələsinə toxunan sədr proseslərin qısa müddət ərzində və ən əsası, qiymətli kağızlar bazarı institutlarının fəaliyyətinə təsir etmədən tamamlanması üçün İqtisadiyyat və Sənaye Nazirliyi və "ASAN Xidmət"lə birgə işlərin aparılmasına dair müvafiq göstərişlərini verib.
İclasın davamında “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin müvafiq fərmanlarının icrası ilə bağlı görülməli işlər və digər prioritet məsələlərə dair müzakirələr aparılıb və sözügedən istiqamətlər üzrə QKDK sədri tərəfindən konkret tapşırıqlar verilib.