Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Bakı Xoreoqrafiya Akademiyasında “Hüquqlarımız haqqında nə bilirik?” mövzusunda biliyin qiymətləndirilməsi üzrə test və seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin 26-cı ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə reallaşdırılıb.
İlyas Əfəndiyev Beynəlxalq Fondunun təşkilatçılığı ilə xüsusi ekspertlər tərəfindən hazırlanmış test tapşırıqları üzrə yuxarı sinif şagirdlərinin uşaq hüquqları barədə biliyinin qiymətləndirilməsinə yönəldilmiş tədbir akademiyada təhsil alan şagirdlər tərəfindən müsbət qarşılanıb.
Test şəklində olan qiymətləndirmədən sonra akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəs Babazadə şagirdlərlə diskussiya aparıb. Bildirilib ki, “Uşaq hüquqları haqqında” Konvensiya 1989-cu il noyabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Konvensiya BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir, uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidir. Onlar daim xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqqında məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir.
Daha sonra şagirdlərlə fərdi söhbətlər aparılıb.
