Bakı, 6 noyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak etmək üçün Livanın paytaxtı Beyrut şəhərində səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Allahşükür Paşazadə həmin məclisin 50 üzvündən biri seçilib, İslam aləminin nüfuz sahibi olan və çoxsaylı ölkələri təmsil edən alimlərin iştirak etdiyi iclasda çıxış edib. O, çıxışında İslam aləminin üzləşdiyi problemlər qarşısında İslam həmrəyliyi, İslami birliyin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb.
Şeyxülislam Azərbaycanda tarixən mövcud olan məzhəblərarası birliyin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da möhkəmlənməsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi İslam aləmi üçün nümunə olan birliyin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.
Dağlıq Qarabağ probleminə toxunan A.Paşazadə ölkəsinin ərazisinin beşdə birinin erməni ekstremistləri tərəfindən işğal edildiyini, bir milyon həmvətənimizin qaçqın və məcburi köçkün olduğunu, işğal olunmuş ərazilərdə İslami abidələrin, məscidlərin və ziyarətgahların da dağıdıldığını qeyd edib, yığıncaqda iştirak edən alimləri bunu pisləməyə çağırıb.
Sonda Şeyxülislam A.Paşazadə ona böyük etimad göstərilərək İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Məclisinə üzv seçilməsi münasibətilə Ali Məclisin baş katibinə, təşkilatın rəhbərinə dərin təşəkkürünü bildirib.
İclas əsnasında Şeyx həzrətlərinin təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə, görkəmli İslam alimləri ilə ikitərəfli görüşləri olub.
Livana səfəri çərçivəsində Şeyxülislam ölkə parlamentinin sədri Nəbih Birri ilə görüşüb. Görüşdə N.Birri Azərbaycanda son günlər keçirilən parlament seçkilərini yüksək qiymətləndirib və seçkilərin demokratik şəkildə keçdiyini vurğulayıb.
Görüşdə hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə böyük ehtiyac olduğu, bu sahədə dini liderlərin də rolu qeyd edilib.
A.Paşazadə öz növbəsində Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri bir daha həmsöhbətinin diqqətinə çatdırıb və Azərbaycan xalqının bu problemin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu ifadə edib.
Azərbaycanda Livan kimi çoxkonfesiyalıq sahəsindəki oxşarlığı, Azərbaycanda məzhəblər və dini konfesiyalar arasındakı birlik və əməkdaşlığın çox yüksək səviyyədə olduğunu həmsöhbətinin diqqətinə çatdıran Şeyxülislam bu birliyin başqa ölkələr üçün nümunə olduğunu xüsusi vurğulayıb.
Sonda N.Birri onun salamlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına çatdırmasını Şeyx həzrətlərindən xahiş edib.
Görüşdə idarə sədrinin birinci müavini Hacı Salman Musayev və xarici əlaqələr şöbəsinin müdiri M.Payızov iştirak ediblər.

Azərbaycanda yaradılan məzhəblərarası birlik İslam aləmi üçün nümunədir