“Azərikimya” İB-nin etilen-polietilen zavodunda mülki müdafiə məşqi

“Azərikimya” İB-nin etilen-polietilen zavodunda mülki müdafiə məşqi
17:08 12 Noyabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “2015-ci il üçün mülki müdafiə tədbirləri planı”na və “Azərikimya” İstehsalat Birliyi rəhbərliyinin müvafiq əmrinə uyğun olaraq etilen-polietilen zavodunun yüksək təzyiqli polietilen istehsalı sahəsində (“Polimir-120” istehsalatı) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məşqdə “Azərikimya” İB-nin etilen-polietilen zavodunun və təmir-tikinti idarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin tərkibindəki mühəndis-kəşfiyyat manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu, qazdan xilasetmə dəstəsi, müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu, rabitə, yanğınsöndürmə, elektrik, qaz və su xətlərinin təmiri manqaları, fərdi mühafizə vasitələrinin paylanması məntəqəsi, həmçinin “Etalon Security” MMC-nin 15 nəfərdən ibarət mühafizə dəstəsi, FHN-nin Sumqayıt Regional Mərkəzin xüsusi xilasetmə hissəsinin xilasetmə dəstəsi, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Sumqayıt şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının bir briqadası iştirak edib.
Şərti zəlzələnin təsirindən zavodun polietilen istehsalatının polietilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsində işçilərin təxliyə edilməsi, dağıntılar altından insanların xilas edilməsi, eyni zamanda baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan məşqdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıblar. Mühəndis kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra sahənin işçilərinin təxliyə edilməsi, xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilərək təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatları yerinə yetirilib. Yanğından Mühafizə İdarəsinin şəxsi heyətinin operativ müdaxiləsi ilə deformasiyaya uğramış polietilenin qəbulu və qarışdırılması, analız və hazır məhsulun saxlanması bunkerlərində və pnevmonəql boru kəmərində baş vermiş yanğının sahəsi böyüyərək alovun həmin sahənin hazır məhsul anbarına keçməsinin qarşısı alınmaqla yanğın söndürülüb.
Məşqin davam etdiyi müddətdə iştirakçılar tərəfindən peşəkarlıq nümayiş etdirilib, pərakəndəliyə və çaşqınlığa yol verilməyib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerikimya_IB_nin_etilen_polietilen_zavodunda_mulki_mudafie_mesqi-901418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR