Moskva, 13 noyabr, AZƏRTAC
Rusiyanın “Tutu.ru” populyar turist saytının analitikləri Yeni il bayramlarına qabaqcadan satılan təyyarə biletləri əsasında ən ucuz aviamarşrutların reytinqini tərtib edərək onu keçən ilin reytinqi ilə müqayisə ediblər.
Noyabr ayının əvvəlinə Moskva-Bakı, Moskva-Minsk və Peterburq-Minsk aviamarşrutları MDB ölkələrinin ən ucuz siyahısına başçılıq edib. Bu Yeni il üçün birtərəfə bilet Moskvadan Bakıya 8429 rubl (1 manat 62,32 rubdur), Moskvadan Minskə orta hesabla 5387 rubl, Peterburqdan Minskə 7453 rubl olub.
Avropaya ən ucuz təyyarə istiqamətləri Moskva-Kişineu (birtərəfə biletin orta qiyməti – 7598 rubl), Moskva-Berlin (8031 rubl) və Moskva-Riqa (9400 rubl) olub.
Uzaq xaric ölkələri sırasında Türkiyə və İsrail liderlik edirlər. Yeni il bayramlarına birtərəfə bilet “Tutu.ru”nun alıcısına orta hesabla Moskvadan İstanbula 9617 rubla, Tel-Əvivə 12113, Antalyaya 13662 rubla başa gəlib.
Yeni il bayramlarına təyyarə biletlərinin qiymətləri Moskvadan İstanbula, Minskə və Dehliyə təxminən keçənilki səviyyədə qalıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva