ANS PRESS-in məlumatına görə, Mərkəzi Bankı nəzdində olan Azərbaycan İpoteka Fondunun (AİF) saytı ASALA terror təşkilatı tərəfindən dağıdılıb.
Fondun www.amf.az saytına girərkən ingilis dilində ASALA tərəfindən kiberhücum (Hacked by A.S.A.L.A.) və ya "Veb səhifə açılmır" ("Веб-страница недоступна") yazısı görünüb.

www.amf.az saytı

Lakin qısa zamanda saytın fəaliyyəti bərpa edilib.
Məsələ ilə bağlı Azərbaycan İpoteka Fondu ilə əlaqə saxlayıb nə baş verdiyini dəqiqləşdirməyə çalışdıq. Qurumun mətbuat xidmətindən bu barədə açıqlama veriləcəyi bildirilib.
ASALA - 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınıb.
"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə "Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışır.
Təşkilat 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separat Fələstin dəstələrinin yardımı ilə yaradılıb. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır.

ASALA terror təşkilatının loqosu
Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA, əsasən, Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.
