“17 noyabr Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağı Günüdür” mövzusunda elmi-praktik konfrans

“17 noyabr Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağı Günüdür” mövzusunda elmi-praktik konfrans
18:33 17 Noyabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 17 noyabr, Rauf Əliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edildi. Ulu Öndərimizə böyük ehtiramın və onun işıqlı yoluna sədaqətin növbəti nümunəsi kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının təşəbbüsü ilə Naxçıvan Dövlət Bayraq Muzeyində “17 noyabr Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağı Günüdür” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli konfransı açdıqdan sonra “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayraqları” mövzusunda çıxış edib.
Bildirilib ki, 1924-1990-cı illərdə muxtar respublikanın hüquqi statusuna dair bir Əsasnamə, üç Konstitusiya qəbul olunub, bu hüquqi sənədlərə və Dövlət Bayrağına dair qəbul edilmiş əsasnamələrə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı səkkiz dəfə dəyişilib. Naxçıvan Muxtar Respublikasının sonuncu Dövlət Bayrağı isə 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan parlamentində rəsmi qərarla ucaldılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli bayrağı olub. Həmin günü tarixiləşdirmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü il noyabrın 17-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən 2014-cü il noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilib. Bu il üçrəngli bayrağımızın Naxçıvanda ucaldılmasından artıq 25 il ötür və ilk dəfədir ki, muxtar respublikamızın Dövlət Bayrağı günü qeyd olunur.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev “Dövlət Bayrağımız: simvolikası və rəsmi tətbiq mexanizmi” mövzusunda çıxış edərək bildirib ki, Dövlət Bayrağımızdakı mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşmə və inkişaf ideyası ilə bağlıdır, yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir.
Qeyd olunub ki, 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanunun ilk maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Bayrağına hörmətlə yanaşmalıdırlar”.
Daha sonra Dövlət Bayrağımızın qaldırıldığı məkan və tədbirlər, bayrağın asılma qaydaları, bayram və matəm günlərində istifadə olunması mexanizmi barədə geniş məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Respublikası Dövlət Bayrağının qanunvericiliyin tələblərinə zidd istifadəsi, habelə Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur.
Sonda konfrans iştirakçıları Dövlət Bayrağı Muzeyindəki eksponatlarla yaxından tanış olublar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/17_noyabr_Naxchivan_Muxtar_Respublikasinda_Dovlet_Bayragi_Gunudur_movzusunda_elmi_praktik_konfrans-902894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR