Bakı, 17 noyabr, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təyin edilən mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta noyabrın 17-də Azərbaycan Mətbuat Şurasında olub.
Şuradan AZƏRTAC-a bildiriblər ki, görüşdə Şura sədri Əflatun Amaşov qonağa Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Türkiyənin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlığın mövcudluğunu bildirən Ə.Amaşov birgə reallaşdırılmış layihələr barədə söz açıb.
M.Qaraçanta dost və qardaş Azərbaycanda məsul vəzifəyə təyinatından məmnunluq hissi keçirdiyini bildirib. Müşavirliyin Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının dərinləşməsinə gələcəkdə də ciddi önəm verəcəyini diqqətə çatdıran M.Qaraçanta bu baxımdan media sahəsindəki işbirliyinin əhəmiyyətliliyini önə çəkib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin də qatıldığı görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, M.Qaraçanta 1959-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Əslən azərbaycanlı olan müşavir uzun müddət İzmirdə mədəniyyət və turizm sektorunda rəhbər vəzifələrdə işləyib. Azərbaycan onun diplomatik fəaliyyətə başladığı ilk ölkədir.