Füzuli, 5 fevral, Tahir Ağaməmmədov, AzərTAc
Füzuli Dövlət Dram Teatrında tanınmış dramaturq, əməkdar incəsənət xadimi, Rəhman Əlizadənin “Dünyanın axırı” tamaşası səhnələşdirilir.
Teatrın direktoru Vaqif Vəliyev AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, tamaşa fevral ayında teatrsevərlərə təqdim ediləcəkdir.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Yeni səhnə əsərində əsas rolları Habil Hacıyev, Vaqif Rəhimov, Elşən Gözəlov, Qaçaq Qarayev, Aygün Cəfərova, Məryəm Məmmədova və başqaları ifa edirlər.
V. Vəliyev qeyd edib ki, 2015-ci il ərzində teatrda Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu”, Süleyman Sani Axundzadənin “Eşq və intiqam”, Əli Əmirlinin “Xoşbəxt gün” tamaşaları, həmçinin Xocalı soyqırımının ildönümü ilə bağlı “Xocalım mənim” adlı poetik xalq faciəsi hazırlanacaqdır.