Manila, 19 noyabr, AZƏRTAC
Sakit okean hövzəsinin 21 ölkəsinin liderlərinin Filippində keçirilən görüşündə qəbul edilən bəyanatda terrorizmin istənilən forması pislənilib.
Xəbər verdiyimiz kimi, noyabrın 18-19-da Filippinin paytaxtı Manilada Asiya Sakit okean İqtisadi Əməkdaşlığının (ASİƏ) növbəti sammiti keçirilib. Sammit ikigünlük müzakirələrin nəticəsi olaraq yekun bəyanatın qəbulu ilə başa çatıb.
Bəyanatın əvvəlində bildirilir ki, sammit Parisdə, Beyrutda terror aktlarının baş verməsi və Misir üzərində Rusiya təyyarəsinin partladılması və digər kədərli hadisələrin fonunda keçirilib.
Sənəddə qeyd olunur ki, ASİƏ ölkələrinin liderləri terrorizmin metodlarını, istənilən terror aksiyanı və hərəkətlərini kəskin şəkildə pisləyirlər. Vurğulanır ki, ASİƏ liderləri azad və açıq iqtisadiyyatı dəstəkləyən fundamental dəyərləri təhdid edən terrorizmə imkan verməyəcəklər.
Bəyanatda bildirilir ki, iqtisadi tərəqqi, sosial-rifah və imkanlar terrorizmin və radikalizmin meydana gəlməsi səbəblərini aradan qaldıran ən güclü vasitələrdəndir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Manila
Asiya-Sakit Okean Əməkdaşlığının Manilada keçirilən Sammitində terrorizm pislənilib