Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da 5 saylı “ASAN xidmət” mərkəzində Dövlət İdarəçilik Akademiyasının UNESCO Mərkəzinin təşəbbüsü ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə UNESCO-nun 70 illiyinə və Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunan tədbir keçirilib.
Tədbirin keçirilməsinin məqsədi UNESCO-Azərbaycan əlaqələri çərçivəsində həyata keçirilən layihələrə və Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə uşaq hüquqlarına diqqətin cəlb edilməsi, xüsusi qayğıya və dəstəyə ehtiyacı olan azyaşlıların hüquqlarının geniş ictimaiyyətə çatdırılmasıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev UNESCO - Azərbaycan əlaqələrinin inkişafını, uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini, xüsusilə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qarşılıqlı münasibətlərin güclənməsində mühüm rolunu qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyəti, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi barədə söhbət açıb və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda “Uşaqlar naminə həmrəy olaq” aksiyası keçirilib. Belə ki, uşaqlar naminə həmrəyliyə çağırış məqsədilə qonaqlar, uşaqlar, könüllülər, eyni zamanda, vətəndaşlar kağız üzərinə sulu boya vasitəsilə rəngli əl izlərini qoyaraq həmrəylik əsəri yaradıblar.









