Bakı, 20 noyabr, AZƏRTAC
Reykyavikdə şahmat üzrə komandalar arasında Avropa çempionatında kişilərdən ibarət Azərbaycan yığması növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, altıncı turda şahmatçılarımız Hollandiya yığmasını 2,5:1,5 hesabı ilə məğlub ediblər. Arkadi Naydiç İvan Sokolovu məğlub edib, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov isə oyunlarını heç-heçə başa vurublar. Hesabındakı xalların sayını doqquza çatdıran millimiz turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. Yığmamız Rusiya (11 xal) və Fransadan (10 xal) geri qalır. Azərbaycan şahmatçıları turnirin yeddinci turunda Latviya ilə qarşılaşacaqlar.
Qadınlardan ibarət millimiz isə Polşaya 1,5:2,5 hesabı ilə uduzub. Komandamız 6 xalla 16 pillədə yer alıb. Xanım şahmatçılarımız yeddinci turda Ermənistan komandası ilə üz-üzə gələcəklər.