Bakı, 20 noyabr, AZƏRTAC
Bişkekdə oktyabrın 12-də 9 məhbusun qaçdığı 50 nömrəli islah müəssisəsinin keçmiş rəisi özünü asıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, İmankul Teltayev məhbusların qaçışı üzrə cinayət işinin təhqiqatı çərçivəsində həbs olunmuşdu və təcridxananın tibbi sanitar hissəsində birnəfərlik palatada saxlanılırdı.
Onun noyabrın 20-nə keçən gecə intihar etdiyi ehtimal olunur. İmankul Teltayevin cəsədi səhər saatlarında növbətçi tərəfindən aşkarlanıb.
Xatırladaq ki, oktyabrın 12-də Qırğızıstanın Çuy vilayətinin Aşağı Nooruz kəndində yerləşən 50 nömrəli koloniyadan 9 məhbus qaçmışdı. Onların əksəriyyəti 2010-cu ildə İnquşetiyada qətlə yetirilən Səid Buryatskinin (Aleksandr Tixomirov) tərəfdarlarının qurduğu və Qırğızıstanda qadağan olunmuş “Ceyşul Mehdi” təşkilatının üzvləri idi. Qaçış zamanı onlar koloniyanın üç əməkdaşını öldürmüş, birini isə ağır yaralamışdılar.