Şöbə rəisi qeyd edib ki, Vergilər Nazirliyinin kollegiya iclasında sahibkarlıq subyektləri sahəsində yoxlamaların müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib: "Məlum olduğu kimi, bu qərar təsdiqləndiyi gündən tətbiq edilir. Məsələn, illik dövriyyəsi 120 min manatdan az olan sadələşdirilmiş vergi ödəyicilərində artıq səyyar vergi yoxlamaları həyata keçirilmir. Lakin vergi ödəyicilərinin obyektlərində xronometraj metodu ilə müşahidələrin aparılması, əmək müqavilələrinin yoxlanılması və s. işləri Nazirlik davam etdirir".
N.İmanovun sözlərinə görə, qlobal iqtisadi böhranla bağlı ölkədə vergi yükünün azaldılması, vergi tətilinin tətbiqi kimi məsələlərlə bağlı Nazirlik mütəmadi olaraq vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Onun sözlərinə görə, buna ehtiyac yaranacağı təqdirdə Nazirlik növbəti ilin büdcə hesablamaları zamanı təkliflərini hökumətə təqdim edəcək.
Nazirlik rəsmisi vurğulayıb ki, Vergilər Nazirliyi hazırda sahibkarlarla tərəfdaşlıq etməyə daha çox üstünlük verir: "Eyni zamanda, Nazirlik tərəfindən vergi ödəyicilərinə yardımın göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Onlar hər hansı bir problemlə üzləşdikdə həm inzibati, həm də qanuni şəkildə məsələnin qısa müddətdə yoluna qoyulması üçün sahibkar vergi orqanına yönləndirilir".