Bakı, 30 noyabr, AZƏRTAC
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahında Azərbaycan Fotoqrafları Birliyinin (AFB) ümumi iclası keçirilib.
İclasda AFB-nin idarə heyətinin sədri Mirnaib Həsənoğlunun hesabatı dinlənilib. Hesabatda ötən müddət ərzində görülmüş illər, həyata keçirilən layihələr, hesabat müddətində reallaşan fotomüsabiqələr və digər məsələlər öz əksini tapıb. Sonra hesabat ətrafında geniş fikir mübadiləsi aparılıb. AFB-nin 2014-2015-ci illər üzrə fəaliyyəti qənaətbəxş hesab olunub.
İclasda açıq səsvermə ilə AFB-nin idarə heyətinin yeni tərkibi seçilib. İdarə heyətinin yeni tərkibdə Rauf Umud, Gülər Abbasova, Fərqanə Qasımlı, Pəri Arifqızı, Səfiyar Məcnunov, Mirnaib Həsənoğlu, Xanım Əliyeva, İradə Qədirova ilə yanaşı, AZƏRTAC-ın fotoinformasiya baş redaksiyasının baş redaktoru Vüqar Əmrullayev də yer alıb. İdarə heyətinin sədri isə növbəti 2016-2017-ci il üçün yenidən Mirnaib Həsənoğlu seçilib.
Tədbirin sonunda “Payız rəngləri” adlı aylıq fotomüsabiqəyə yekun vurulub. Müsabiqədə 40 fotoqraf 156 foto ilə iştirak edib. Münsiflər heyəti tərəfindən seçilmiş qaliblərə sertifikat və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun hədiyyələri təqdim olunub.
