Bakı, 30 noyabr, AZƏRTAC
Qvatemalanın mərkəzindəki Eskuintla departamentində yerləşən həbsxanada məhbuslar qiyam qaldırıb. Hadisə zamanı 6 nəfərin öldüyü bildirilir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Kalaşnikov” avtomatları ilə silahlanan bəzi dustaqlar müəssisənin bir neçə əməkdaşını girov götürüblər. Hazırda polis və hərbçilər qiyamın yatırılması üçün əməliyyat keçirirlər. Yerli KİV-lərin məlumatına əsasən, hadisə yerinə əlavə qüvvələr cəlb olunur.
Bildirilir ki, həbsxana 600 dustaq üçün nəzərdə tutulsa da, orada 3 minə yaxın məhbus saxlanılırdı.
Hadisənin səbəbləri araşdırılır.