Bakı, 7 fevral, AzərTAc
Yanvar ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 24 min 644 və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz çox zəng daxil olub.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, canlı əlaqə zamanı 26 min 37 müraciət cavablandırılıb ki, onların da 38 faizi Vergi Məcəlləsi (vergi nəzarəti tədbirləri, şəxsi hesab vərəqəsi, vergi orqanlarının fəaliyyəti, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri, vergi agenti), 20,2 faizi Vergilər Nazirliyinin səlahiyyətlərində olan, lakin Vergi Məcəlləsi ilə tənzimlənməyən məsələlər (nazirliyin internet səhifələri, elektron xidmətlərin proqram təminatları, elektron imza, əmək müqavilələri, işə qəbul), 19 faizi gəlir vergisinin, 13,4 faizi sadələşdirilmiş verginin hesablanması, ödənilməsi və bəyannamənin təqdim edilməsi, qalanları digər vergilərə aiddir.
Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 2772 dəfə vergi borcu, 1638 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib. Vergi ödəyicilərinə 117 min 805, o cümlədən 115 min 323 qısa, 2482 ikitərəfli mesaj xidməti göstərilib.
Yanvar ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 387 min 264 daxilolma qeydə alınıb.