AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib
16:33 8 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
AZƏRTAC xəbər verir ki, iclasda futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinin və Topaz Premyer Liqasının XV turunun qarşılaşmalarında baş verənlər müzakirə olunub.
Azərbaycan kubokunun səkkizdəbir mərhələsində “Kəpəz” ilə qarşılaşan “Xəzər-Lənkəran”ın beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub. “Zirə” ilə matçın 60-cı dəqiqəsində AZAL-ın futbolçusu Emin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyun cəzalanıb. Onun hərəkəti həm də klubun iki min manat cərimələnməsi ilə nəticələnib. “Rəvan”–“Bakı” matçı başa çatdıqdan sonra “Bakı” klubunun rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə, beş oyunluq cəzalanıb və klub isə beş yüz manat cərimə olunub. “Mil-Muğan”la görüşün 68-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq yaşıl meydandan kənarda qalacaq. Klub da 200 manat cərimə ödəyəcək.
Topaz Premyer Liqasının XV turunun “Neftçi”–“Zirə” matçında dörd futbolçusu sarı vərəqə alan meydan sahibləri min manat ziyana düşüb. “Sumqayıt”–“Kəpəz” oyununda hər iki klubun dörd üzvü sarı vərəqə ilə cəzalandırıldığı üçün komandalar hərəyə min manat ziyana düşüblər. Qarşılaşma başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub iki min manat cərimə olunub. AZAL ilə görüşdə dörd futbolçusu sarı vərəqə alan “Rəvan” da min manat cərimə ödəyəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFFA_nin_Intizam_Komitesi_novbeti_iclasini_kechirib-909352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR