Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş torlar zərərsizləşdirilib

Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş torlar zərərsizləşdirilib
12:43 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reydlər zamanı Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su obyektlərində, o cümlədən çaylar, kanallar və kollektorlarda rast gəlinən bir sıra neqativ hallar aradan qaldırılıb.
Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş torlar, balıq tutmaq üçün digər qanunsuz vasitələr və alətlər aşkarlanıb, akt tərtib olunaraq zərərsizləşdirilib. Eyni zamanda, ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdindəki balıqartırma zavodlarının Şirvan və Mil-Muğan kollektorlarının mənsəbində fəaliyyət göstərən stansiyaları, vətəgələri yenilənib, əraziyə izahedici və maarifləndirici lövhələr vurulub. Gözətçi və mütəxəssislərin müvəqqəti qalması, həmçinin ov alətlərinin saxlanılması üçün nəzərdə tutulan tikililərdə təmir-bərpa işləri aparılaraq normal vəziyyətə gətirilib.
Şirvan və Mil-Muğan kollektorlarının Xəzərə tökülən hissəsində yaradılmış vətəgə əhəmiyyətli stansiya və məntəqələr Azərbaycanda fəaliyyət göstərən və dövlətə məxsus 11 balıqartırma zavodunu törədici ana balıqlarla təmin edən tədarükçü stansiyalardan biridir. Bu da onunla əlaqədardır ki, Xəzərə qovuşan Kür, Araz və digər çaylarda hidroqurğuların tikilməsindən, yəni çayların qarşısı bəndlərlə kəsiləndən sonra uzun illərdir müxtəlif növ balıqlar, o cümlədən nərəkimilər və qızıl balıqlar təbii kürüləmə yerlərindən təcrid olunub. Ona görə də Xəzər dənizinin bioresurslarının məhsuldarlığını saxlamaq üçün Azərbaycanda fəaliyyət göstərən balıqartırma zavodları törədici balıqları bu üsulla əldə edərək onun kürüsünü süni şəraitdə yetişdirərək yenidən dənizə buraxmaqla məşğuldur.
Məlumatda bildirilir: ”Kür çayının üzərində olan bir neçə belə balıqartırma əhəmiyyətli vətəgə və stansiyalarda, o cümlədən Şirvan və Mil-Muğan kollektorlarındakı məntəqələrdə də törədici ana balıq tədarük olunur və onlardan alınan kürülərdən minlərlə körpə balıq yetişdirilərək Xəzər dənizinə qaytarılır. Bu səbəbdən də bu təyinatlı sututarlarda balıq tutmaq məqsədə uyğun deyil. Burada qanunsuz, həm də həvəskar balıq ovuna icazə verilmir. Ona görə ki, vətəgədə quraşdırılmış balıqtutucu vasitələr balıqların hərəkətini məhdudlaşdırır. Həvəskar balıqçılar burada cəmləşən balıqları asanlıqla tuturlar. Elə zənn edirlər ki, bu balıqlar təbii şəraitdə tutulur. Əslində isə belə deyil. Bir tərəfdən belə qurğular kanallara daxil olan balıqların yuxarı keçərək hansısa tarlada məhv olmasının qarşısını alır, digər tərəfdən balıqartırma zavodları üçün kürüləməyə hazır törədici balıqları əldə etmək məqsədi daşıyır. Həmin sahələrdə qadağanedici və maarifləndirici lövhələr də ona görə qoyulub ki, hətta həvəskar balıqçı da həmin ərazidə balıq tutmasın və burdan alınan kürülərdən yetişdirilərək dənizə, çaylara buraxılan balıqları gələcəkdə digər ərazilərdə tuta bilsin”.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mil_Mugan_ve_Sirvan_kanallarinda_qanunsuz_qurulmus_torlar_zerersizlesdirilib-909565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR