Heç özünü aldatma, nə desən, hamısı əfsanə...

Heç özünü aldatma, nə desən, hamısı əfsanə...
23:47 12 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Tutaq ki, dünya dəyişib, ölüm ki dəyişməyib, ədəb-ərkan dəyişməyib, xətir-hörmət dəyişməyib. Yenə toy gecəsi bəylə gəlin gərdəyə girirlər, yenə adamlar çörəyi ağzına yeyirlər, yenə yaz gələndə havalar qızır, ağaclar çiçək açır, yenə yetim ağlayanda gözündən yaş gəlir... Deyirsən ki, dünya dəyişib, dünyanın nəyi dəyişib axı? Göy həmin göydür, yer həmin yer, ulduzlar min illərdir ki, başımızın üstündə durub sayrışır. Min il əvvəl olduğu kimi, indi də insan sevəndə həyəcanlanır, həyəcanlananda ürəyi "gupp-gupp" vurur.

Dəyişib deyəndə ki, əvvəllər sevgi məktublarını göyərçinlər daşıyardı, indi mesaj atırlar. Həsrəti, intizarı unutmaq istəyirik. İnternetə girib dünyanın o başında kiminləsə mırtlaşırıq. Divarboyu televizorun var, qabağında uzanıb altdan yuxarı "Heyvanlar aləminə" baxanda ürpəşirsən. Elə bil ilan bu andaca ekrandan sənin üstünə yıxılacaq. Maşını da dəyişdin.

***

Xatırlayanda bığaltı qımışırsan, babanın qoca bir atı vardı, səni də tərkinə mindirib bazara aparırdı. Sən atın yanında dururdun, kişi də aldıqlarını gətirib heybəyə doldurur, yenidən qayıdırdı. Aman Allah, o heybə nə bərəkətli idi! Hamıya pay düşürdü, hələ desən qonşulara da. Heybə evə girən kimi nənən hər şeydən bir pay düzəldib sənə verər, başı ilə qarşıdakı daxmanı işarə edib, "o, bizə Allahın əmanətidir" deyərdi. Bu sözü o qədər eşitmişdin ki, heç nə soruşmurdun. Bir damın altında tənha yaşayan Qaratel nənə: "Allah verən əlləri boş qaytarmasın!", - deyib üzündən öpərdi. O zaman bu sözün nə olduğunu anlamazdın, amma indi başa düşürsən: "Siz mənə verdiniz, Allah da sizə versin!"

Bir gün görürdün ki, baban bağdan qırdığı uzun, saplıq ağacları diqqətlə o üzünə-bu üzünə çevirib baxır, ölçüb-biçir, orasını-burasını kəsir, ocaq qalayıb ütür. Bilirdin ki, kiməsə pay verəcək, özü üçün düzəltsə, üstündə bu qədər oynamazdı. Verəndə də minnət qoymazdı, deyərdi ki, ay filankəs, bizim qapıda bir-iki bel sapı var, səhər-axşam əl-ayağıma dolaşır. Bəlkə gərəyin ola, uşaqları göndər, gətirsinlər.

***

Bir gün də tövlədə sarı düyənin axurunu boş gördün, kişi heç arvadına da gənəşməmişdi, yetik yelinli düyənin ipindən yapışıb aparıb bağlamışdı rəhmətlik Əbilin yetimlərinin qapısına. Gəlinə də tapşırmışdı ki, bir əyər-əskiyi olsa, uşaqların birini göndərsin. Nənən də kişinin bu işindən qəhərlənib ağlamışdı. Özü də bu barədə ondan bir kəlmə də soruşmamışdı, amma günorta seyvanın altında ailə bir yerə yığışanda arvad özünü unudub heyran-heyran ərinə baxmış, baxmış və birdən özünü unudaraq, onu ilk dəfə görüb, ilk dəfə sevirmiş kimi içinin ən dərin yerindən gələn açıq bir dua ilə "Allah səndən razı olsun!" demişdi. Bu "Allah səndən razı olsun!"un içində gərilmiş, sıxılmış o qədər sevgi, o qədər duyğu vardı ki, kişi diksinmişdi və başını qaldırıb acıqlı-acıqlı arvadına baxmışdı. Arvad da utandığından bir andaca harasa yoxa çıxmışdı.

Həə, beləydilər onlar, aralarında bir-birinə boyalı, şirniyyat qatılmış söz olmazdı, hər halda nə mən, nə də ailənin digər övladları belə şey eşitməmşdik, amma arvad bu dəfə bir balaca çaşmışdı və kişi də gözünü ağardanda xətasını anlayıb ilim-ilim itmişdi. Bir-birinı çağıranda da ad çəkməzdilər.

***

Ölüm adlı Haqq qapısından keçib getdilər, əvvəl baban, sonra nənən. Birinin qırxı çıxmamış o biri də qaçaraq "özünü ona yetirdi". İki ağızda oxunan bir mahnı kimiydilər, birdən qurtardılar və sənin qulaqlarında böyük bir boşluğun uğultusu səslənməyə başladı. Sən böyüyüb babanın yaşına gəldin. Amma bu zamana qədər nə kiməsə bir bel sapı dəyərində himay durmusan, nə də bir yetimin qapısına inək bağlamısan ki, ac qalmasın. Keçən həftə qonşuda səs eşitmişdin, demişdilər ki, filankəsin öd "pristup"u tutub, ağrıdan qurd kimi ulayır. Yaxşı tanıyırdın onu, bilirdin ki, imkanı olmadığından əməliyyata gedə bilmir, beləcə, ayda bir-iki dəfə işini belə ulartılarla yola verir. İstəsəydin, bir gündə, bir gün nədir ki, bir saatda onun dərdinə əncam edərdin, amma istəmirdin, çünki böyük qıza təzə ev almışdın, maşını da dəyişmişdin. Fikirləşmişdin ki, bəlkə gələcəkdə...

Babanın bir qoca atı, bir baltası, bir beli, bir dəryazı, ikigözlü torpaq evi, işləməkdən yay-qış qabar-qabar olan bir cüt əli vardı. Səninsə çox şeyin var, o qədər şeyin var ki, saysaq qurtarmaz. Amma ehtiyacın onlardan da çoxdur. Keçən yay Kislovodskiyə getmişdiniz, bu dəfə uşaqlar başqa yer istəyirlər. Hər birinə də yeni yay geyimləri almalısan, arvadın siyahısı da ki hələ yarıya çatmayıb.

***

Hərdən darılırsan, bu qaçaqaçdan ürəyin sıxılır və dərindən nəfəs alıb bir "ohh" eləyirsən. Həmişə də ürəyin sıxılanda eyni mənzərə gəlib durur gözünün qarşısında: Bir yay günü gilənar ağacının yarpaqları arasından ala-tala işıqlar düşürdü yerə və o işıqlardan biri də bayaqdan bəri namaz qıldığı o balaca xalçanın üstündə tərpənmədən qalan, amma dodaqlarının arasında sənin eşidə bilmədiyin bir səslə dua oxuyan babanın üzündə sayrışırdı. Kişinin gözünün qırağında bir damla yaş gilələnmişdi. Birdən sənə elə gəldi ki, kişinin sifətində sayrışan o işıq yarpaqların arasından yox, çox-çox uzaqlardan gəlir, özü də o biri işıqlara heç bənzəmir. O işıq o kişinin üzündə sirli bir ada kimi sayrışırdı. O kişi o adada yaşayırdı, bu dünyada isə o kişinin elə quru bir görüntüsündən başqa bir şeyi yoxuydu və öləndə də elə o adaya getdi. Bu dünyanın o adadan xəbəri yoxuydu, bu dünya o adadan çox kiçiyiydi, çox kasıbıydı, çox cılızıydı. Sən o adanı görmüşdün, babanın sağ sifətində, çənəsindən bir qədər yuxarıda sayrışırdı.

***

Birdən ağlına belə bir fikir gəldi ki, babanın üzünə düşən o işıq heç zaman sənin üzünə düşməyəcək. Bu düşüncənin ağırlığı altında sarsıldın, əyildin, əzildin, özündən qaçıb bir başqası olmaq istədin, baban gözlərinin önünə gəldi. Yuxarıdan çağırdılar: Di gəl də, gecikirik axı, o boyda camaat yığışıb bizi gözləməyəcək ki?

Qalxıb ağır-ağır qapıya doğru yönəldin, dostunun qonaqlığına gedəcəkdin. Təzə vəzifəyə keçdiyi üçün sizə yüngülvari bir ziyafət verirdi. 
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR