“Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsi müzakirə olunub

14:43 17 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında yeni hazırlanan “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə son illərdə ölkəmizin inkişafını davamlı etmək üçün nəzərdə tutulmuş strateji proqramların uğurla həyata keçirilməsi məqsədilə bir sıra mühüm işlər görüldüyünü söyləyib. Bu istiqamətdə kompleks tədbirlərin nəzərdə tutulduğunu deyən komitə sədri onların reallaşması istiqamətində müsbət addımlar atıldığını qeyd edib. Bildirilib ki, bu qanun layihəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcək.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, qanun layihəsi sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması, qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanaraq Milli Məclisə təqdim olunub.
Nazir müavini qanun layihəsinin beynəlxalq təcrübəyə əsasən hazırlandığını söyləyib. Qeyd edib ki, burada predmet əsasən Azərbaycanda lisenziya və icazələr sisteminin tənzimlənməsidir. Lisenziyalarla bağlı məsələlər əvvəllər də tənzimlənirdi. Bununla əlaqədar hüquqi baza mövcud idi. İcazələr sahəsinin isə normativ hüquqi bazası tam mükəmməl şəkildə formalaşmamışdı. Bu qanun layihəsində yeniliklərdən biri də icazələrin hüquqi əsasının qanun şəklində formalaşdırılmasıdır. Beş fəsil, 31 maddədən ibarət olan qanun layihəsində lisenziya ilə yanaşı, icazələr anlayışı da öz əksini tapıb.
Qanun layihəsində lisenziya və icazəyə tələb olunan fəaliyyət növlərinin müəyyən edilməsi meyarları da göstərilir. Lisenziya və icazə sistemlərinin dövlət tənzimlənməsinin prinsipləri, lisenziya və icazələrin verilməsi, yenidən rəsmiləşdirilməsi, fəaliyyətinin dayandırılması, bərpa edilməsi, ləğvi qaydaları, lisenziya və icazə verən orqanların və onların vəzifəli şəxslərinin məsuliyyətinin tənzimlənməsi qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsində vahid siyahı müəyyənləşdiriləcək. Lisenziyanın və icazənin verilməsində, yenidən rəsmiləşdirilməsində, fəaliyyətinin dayandırılmasında, bərpasında və ya ləğvində susmaqla razılıq prinsipi tətbiq olunacaq.
Qeyd edilib ki, qanun layihəsində digər qanunlarda müddət nəzərdə tutulmayıbsa, lisenziyaların verilməsinin müddətsiz olması, qanun dövründə qüvvədə olan lisenziyalara da bu məsələnin şamil edilməsi, sahibkarlıq subyektlərinin lisenziyalar və icazələr verilən qurum tərəfindən məsləhət və tövsiyə üçün dəvət olunması, sərf edilən vaxtın azaldılması, “bir pəncərə” prinsipinin tətbiqi, tənzimləyici təsirin təhlili və lisenziyaların 10, icazələrin 7 iş gününə verilməsi nəzərdə tutulur.
Layihədə elektron lisenziya portalının yaradılması da nəzərdə tutulur.
Deputatların fikirləri dinlənildikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lisenziyalar_ve_icazeler_haqqinda_yeni_qanun_layihesi_muzakire_olunub-912043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR