Neft daha da ucuzlaşacaq

Neft daha da ucuzlaşacaq
22:57 20 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

OPEC istehsal kvotasını artırandan sonra nefti ucuzlaşdıracaq daha bir zərbə ABŞ-dan gəldi - xam neft ixracına olan 40 illik qadağa ləğv olundu.

ABŞ-da xam neft ixracına 1975-ci ildə qoyulan qadağa Yaxın Şərqdə baş verən münaqişələrin yaratdığı enerji böhranından qaynaqlanmışdı.  Böhran vaxtı - 1973-cü ildə ərəb ölkələri  Qərbin neftin tədarükünə embarqo qoymuş, ardından - bir müddət sonra ABŞ öz neftinin ixracını yasaqlamışdı.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, indi  ekspertlər yaranan yeni durumda həmfikir görünür və deyirlər ki, neftin qiyməti daha sürətlə ucuzlaşacaq.  

"Neft bazarına əlavə təklif daxil olması..."

İqtisadçı ekspert Azər Mehtiyev ABŞ-ın neft ixracına qadağanı götürməsini belə qiymətləndirir: "Təklifin tələbi üstələdiyi bir vaxtda neft bazarına gələn əlavə təklif  neftin qiymətini aşağı salacaq. Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması, xüsusən gələn il boyunca uçot dərəcəsini daha 4 qat qaldıra biləcəyini açıqlaması da nefti ucuzlaşdıran amillərdəndir".

"Neftin qiymətinin 30 dollardan da aşağı düşməsi qaçılmaz görünür"

Ekspert 2016-cı ilin yazından başlayaraq İranın da ixrac neftinin həcmini artırmağa hazırlaşmasına diqqət çəkir: "Bu halda növbəti ildə neftin qiymətinin hətta 30 dollardan aşağı düşməsi qaçılmaz görünür. Son illər yüksək inkişaf templəri qeydə alınmış ölkələrdə (Çin, Braziliya, Hindistan və b.) artım sürətinin zəifləməsi də həmin meyli gücləndirir".

Ekspertin qənaətincə, enerjinin qiymətinin aşağı düşməsi ABŞ və Avropa ölkələrinin emal sənayesində ciddi artım naminə neftə tələbatı çoxalda bilər, amma: "Amma bu, zaman tələb edir".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/391769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR