Bakı, 9 fevral, AzərTAc
Türkiyənin Adana Böyük Şəhər Bələdiyyə konsert salonunda dünya şöhrətli Azərbaycan bəstəkarı, xalq artisti, professor Firəngiz Əlizadənin müəllif-konserti olub.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, konsert Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib.
Azərbaycanın tanınmış dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun idarə etdiyi Çukurova Dövlət simfonik orkestrinin iştirakı ilə “Türk-Azeri dostluq konseri” şüarı altında keçirilən konsertdə bəstəkarımızın “Metomorfoz” əsəri, həmçinin “İntizar” operasından parçalar səsləndirilib.
Sözügedən operadan ariyaları Gülnaz İsmayılova, Səbinə Əsədova və Tolqa Erden ifa ediblər.