“İrəli” İctimai Birliyi bir illik fəaliyyətinə dair hesabat verib

15:38 23 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
“İrəli” İctimai Birliyinin fəaliyyətə başlamasının yeddi ili tamam olur. Dekabrın 23-də bununla bağlı keçirilən tədbirdə təşkilatın fəaliyyətinin bir illik hesabatı da təqdim edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra İctimai Birliyin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, “İrəli” İB Azərbaycanda gənclər təşkilatları arasında öz dəsti-xətti ilə seçilən bir quruma çevrilib və sıralarında xeyli sayda istedadlı gəncləri birləşdirir. Təşkilat hər zaman öz səmərəli fəaliyyəti ilə seçilib. Çünki bu təşkilatda kifayət qədər aktiv gənclər fəaliyyət göstərir.
İctimai Birliyin ötənilki fəaliyyətinin də uğurlu olduğunu söyləyən nazir müavini deyib: “Təşkilat tərəfindən görülən işlər statistik xarakter daşımır, “İrəli” hər zaman ölkəmizdə aparılan gənclər siyasətində fəal iştirak edib”. O deyib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin ictimai həyatda rolunun artırılmasıdır. Ölkəmizdə müxtəlif istiqamətlərdə gedən quruculuq işlərində gənclərin fəal iştirakına şərait yaradılır. Artıq Azərbaycanda formalaşmış yeni nəsil ölkəmizi həm daxildə, həm də beynəlxalq miqyasda layiqincə təmsil edir. Hazırda Azərbaycan gənci yalnız gənclərə xas olan məsələlərlə məşğul deyil, eyni zamanda, milli, qlobal məsələlərlə bağlı öz mövqeyini bildirir. Biz bu gün ümummilli lider Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə söykənər həyata keçirilən gənclər siyasətinin, uzunmüddətli strategiyanın bəhrəsini görürük. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin yeni mərhələsinə qədəm qoymuşuq. Azərbaycan bu gün dünyada öz sözünü deyən, inkişaf edən bir ölkəyə çevrilib. Böyük dövlətlər belə Azərbaycanı tərəfdaş kimi görmək arzusundadırlar, ölkəmizlə əməkdaşlıq etmək istəyirlər. Bu inkişafda gənclərin payı çoxdur.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, ulu öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Azərbaycanda gənclər təşkilatlarının fəaliyyəti, onların təkmilləşdirilməsi də məhz Ümummilli Lider tərəfindən əsası qoyulmuş gənclər siyasətinin tərkib hissəsidir. Təşkilatların aktiv fəaliyyəti isə məhz ölkəmizdə gənclər üçün yaradılmış münbit şəraitlə bağlıdır. Qeyd edilib ki, Azərbaycanda müstəqilliyin, dövlətçiliyin qorunub saxlanmasında, möhkəmləndirilməsində və inkişafında gənclərimizin də üzərinə böyük məsuliyyət düşür.
“İrəli” İctimai Birliyinin fəaliyyətinə toxunun F.Muradov qeyd edib ki, bu illər ərzində təşkilat çoxsaylı layihələr həyata keçirib. Əsas məqsəd gənclərin stimullaşdırılması, onların daha böyük işlərə həvəsləndirilməsi olub. Bu illər ərzində “İrəli”, həmçinin bir sıra yerli və beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq edib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün Azərbaycan dövlətinin gənclər siyasətinin çox uğurlu nəticələrini görürük. Azərbaycanda gənclər təşkilatlarının maddi-texniki bazası möhkəmlənir. Gənclərimizin yanaşması, tələbləri günümüzə uyğun olaraq dəyişir. Bu gün Azərbaycanın gənclər siyasəti model olaraq müxtəlif ölkələr üçün nümunə göstərilə bilər.
Bildirilib ki, Azərbaycanın gənclər siyasətinin həyata keçirilməsində müxtəlif dövlət qurumları fəal iştirak edirlər. “İrəli” İctimai Birliyi Azərbaycanda gənclər təşkilatları arasında qabaqcıl yer tutan qurumlardandır. Sektor müdiri deyib: “Təşkilatda fəaliyyət göstərən gənclər çox təşəbbüskardırlar. Əminəm ki, “İrəli” İctimai Birliyi gələcək fəaliyyətində də bu aktivliyini qoruyub saxlayacaq və bundan da güclü təşkilata çevriləcək”.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib. Bu gün gənclər təşkilatlarının keyfiyyətli, səmərəli fəaliyyəti də məhz dövlətimizin başçısının diqqət və qayğısının nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, “İrəli” İB yarandığı gündən dövlətçiliyə xidmət edir və Azərbaycan dövlətinin gənclər siyasətinin həyata keçirilməsində əsas iştirakçılardan birinə çevrilib. İctimai Birlik Azərbaycan gəncliyinin etimadını qazanmış ən qabaqcıl təşkilatlardandır. “Bu gün Azərbaycan gəncliyi elə bir inkişaf səviyyəsinə çatıb ki, ölkəmizdə bütün sahələrdə fəal rol oynayır”, - deyə F.Hacıyev əlavə edib.
Sonra çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib, gələcək planları haqqında danışıb. Qeyd edilib ki, İctimai Birlik ölkəmizdə aparılan gənclər siyasətində yaxından iştirak edir. Bu il təşkilata üzvlük üçün 4000-dən çox gənc müraciət edib. Onlardan 3000-dən artıq gənc üzvlük üçün bazaya daxil edilib. Bu müddət ərzində 46 sosial layihənin həyata keçirildiyini söyləyən İctimai Birliyin sədri qeyd edib ki, təşkilatın həyata keçirdiyi layihələrdə yerli dövlət qurumları da yaxından iştirak ediblər və öz dəstəklərini veriblər.
Vurğulanıb ki, təşkilatın həyata keçirdiyi istənilən layihədə ali dəyər kimi dövlətimizin başçısı tərəfindən aparılan uğurlu siyasət dayanır.
Daha sonra M.Seyidov “İrəli” İB tərəfindən Prezident İlham Əliyevə ünvanlanan məktubu oxuyub.
Sonda bir sıra gənclərə və “İrəli” İB ilə əməkdaşlıq edən təşkilatlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ireli_Ictimai_Birliyi_bir_illik_fealiyyetine_dair_hesabat_verib-913656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR