Sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub və onların investisiya layihələri maliyyələşdirilib. Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirirb ki, bu il 5 230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə əsasən , bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 12000-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb: “Son illər 130-dan çox sənaye müəssisəsinin maliyyələşdirilməsinə 410 mln. manatdan çox güzəştli kredit verilib. Sözügedən müəssisələrdən 115-i artıq istifadəyə verilib”.
Ş.Abdullayev qeyd edib ki, gələn ildə logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 21 sahibkarlıq subyektinə 5,3 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, çörək, un məmulatları, mebel, qapı-pəncərə, transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.
Tədbirdə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində dövlətin güzəştli krediti ayrılan İriqabaritli Transformatorlar Zavodunda son tamamlama işlərinə baxış keçirilib.