Siz bu məqaləyə inana bilməyəcəksiniz

Siz bu məqaləyə inana bilməyəcəksiniz
08:17 13 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Siz bu başlığa klikləyəcəksiniz, lakin buna necə asanlıqla məcbur olunduğunuzu dərk etdiyiniz zaman çox qəzəblənəcəksiniz.

Bu məqalə sizin bəşəriyyətə inamınızı oyatmayacaq. O, sizin şüurunuzu sözün tam mənasıyla heyrətə salmayacaq, valeh etməyəcək, sarsıtmayacaq, məftun etməyəcək, heyran etməyəcək və alt-üst də etməyəcək. O, sadəcə olaraq, sizə nəyə görə insanların dərhal cəzbedici başlıqlara aldandığını anlamağa (necə ki siz bunu bir neçə saniyə bundan öncə etdiniz) kömək edəcək. Ümid edirik ki, bu barədə şüurlu və aydın fikirləri sizə çatdıra biləcəyik.

Belə cəzbedici başlıqlar haqqında nə fikirləşdiyiniz önəmli deyil: onlar hər gün daha çoxalır, insanlar onlara aldanır və ya onların hamısı cəfəngiyyatdır və bütün pisliklərin kökü onlara dayanır. Onlara daha dəqiq tərif vermək get-gedə çətinləşir. Bəzi insanlar, məsələn, Buzzfeed-dən Ben Smit onları gözləntiləri doğrultmayan əşyalar adlandırır. Digərləri düşünür ki, bu maraqsız məqalənin, sadalamaların, rişxəndçiliyin və ya Bettericin qanunun (bu qanuna əsasən, sual işarəsilə bitən hər bir başlığa "xeyr" cavabını vermək olar) təzahürünün girişidir. Bəzi insanlar isə internetdə onlara xoş olmayan hər şeyi belə adlandırırlar. Lakin əksəriyyət hesab edir ki, cəzbedici başlıqlar qəzəbləndirsə də, lənət şeytana, işə keçə bilirlər, hətta əgər oxucu onları dəqiqliklə müəyyən etsə belə. Çox güman, bu effektivliyin arxasında məlum sözün əhəmiyyətli semantik tərəqqisi dayanır. Ancaq biheviorizm də burada sonuncu rolu oynamır. Son zamanlar aparılan çoxsaylı araşdırmalar təsdiq edir ki, cəzbedici başlıqlara klikləmək vərdişi iki amilə əsasən izah olunur: emosiyaların sizin intuitiv mülahizələrinizdə və gündəlik qərarlarınızda həddindən artıq böyük rol oynaması və beyininizin tənbəlliyi.

Emosiyaların istehsalı

Tanınmış yazar, publisist Brayan Qardiner-də dərc olunmuş "You'll Be Outraged at How Easy It Was to Get You to Click on This Headline" məqaləsinldə bildirir ki, biz cəzbedici başlıqlara elə-belə klikləmirik. Redaktorlar başlıqları sizi manipulyasiya etmək və ya ən azından diqqətinizi cəlb etmək məqsədilə yazırlar. Onlar hər zaman belə edirdilər. "Başsız bədən yarıçılpaq qızlarla barda" (originalı "Headless Body In Topless Bar") və ya "Ucqar yerlərdə yaşayan insanlar kənd haqqında filmə tüpürürlər" (originalı "Sticks nix hick pix") kimi başlıqlar hər zaman mövcud idilər, hətta oxucunun diqqətini cəlb etmək zəruriliyi olmasa belə. Cəzbedici başlığın fərqi ondan ibarətdir ki, siz çox vaxt şüurunuzun manipulyasiya olunduğunu dərk edirsiniz, lakin bu cazibəyə müqavimət göstərə bilmirsiniz. Siz anlayırsınız ki, bu tələ yemidir, lakin onu dənləməyə davam edirsiniz.

Emosional vəziyyətin və təlqin vasitəsilə davranış qaydalarının digər insanlara sosial təsiri və yayılması üzrə Pensilvaniya Universitetində araşdırmalar aparan Cona Berger bildirir ki, bu emosiyalar gündəlik qərar qəbul etmə proseslərinizdə onların oynadıqları rolu ilə birbaşa əlaqəlidir. Emosional həyəcan və emosiyaya göstərilən fiziki reaksiyanın dərəcəsi bizi başlıqları seçmək və ya onları buraxmağa məcbur edən əsas elementdir. Berger izah edir ki, "Bu, tədbir görmək üçün bizi hərəkətə gətirir, məcbur edir". Sizin nə vaxtsa xoşagəlməz və ya çirkin bir başlığa klikləmək istəyiniz olduğu və ya qərəzkar məzmunlu material oxuduğunuz və ya baxdığınız təqdirdə, Bergerin nə demək istədiyini anlayacaqsınız. O, həmçinin qeyd edir ki, "Qəzəb, həyəcan, yumor, həvəs, tərənnüm, təəccüb - bunların hər birisi cəzbedici başlıqlar vasitəsilə oyanan güclü emosiyalardır".

Elmi tədqiqatların artan sayı da bunu təsdiqləyir.

"Xəbərlər: onlayn xəbərlərdə ilk təəssürat önəmlidir" adlı məruzədə iki alim 2014-cü il ərzində apardıqları dörd aparıcı kütləvi informasiya vasitələrinin 69.907 başlığının təhlili barəsində danışır. Tez-tez verilən başlıqların mahiyyətini (təqdim olunan əsas emosiyanın pozitiv, neqativ və ya neytral olub/olmamağı) araşdırdıqdan sonra onlar belə nəticəyə gəldilər ki, "başlıqlara verilən emosional çalarlar onları daha da məşhur edir". Bu yalnız neqativ və ya pozitiv xəbərlərin daha çox diqqət mərkəzində olduğu mənasına gəlmir, eyni zamanda pozitiv və ya neqativ xarakter daşıyan başlıqlı məqalələr də oxucuların diqqətini cəlb edə bilər.

Maraq dairəsindəki boşluqları nəzərinizdə saxlayın

Mübaliğə və sifətin üstünlük dərəcələrini istifadə edərək maraqlı və ya heyranedici təəssüratlar (məqalənin mətni bu gözləntiləri doğrultmasa belə) vəd vermək - sizi klikləməyə məcbur etməyin üsullarından biridir. İkici üsul - maraq doğurmaq. Bunun üçün maraqlı və aktual məqalələrdən istifadə oluna bilər və psixoloqlar bunun səbəbini izah edən bir neçə nəzəriyyəyə sahibdirlər.

Ən məşhur və dayanıqlı nəzəriyyələrdən birini Corc Levanşteyn irəli sürmüşdü. 1990-cı illərin ortalarında o, "məlumat boşluğu" adlı nəzəriyyəni təklif etdi. Bu nəzəriyyənin əsasında belə bir fikir yer alır: "bildiyimiz və bilmək istədiyimiz" arasındakı boşluğu dərk etdiyimiz zaman bu boşluq emosional mahiyyəti daşımağa başlayır. Levanşteynin yazdıqlarına əsasən, "Bu kimi məlumat boşluqları maraq adlanan hansısa çatışmazlıq və ya tələfat hissini oyadır. Hər şeyi bilməyə çalışan insan tələfat hissindən azad olunmaq və ya onu azaltmaq üçün onda çatışmayan məlumatı almağa cəhd edir. Digər sözlərlə, məlumatsızlıq koqnitiv narahatlıq yaradır. Bu, Upworthy kimi saytlarda "bəs sonra nə baş verəcək" prinsipinə əsaslanan başlıqların yaranmasının səbəbidir, məsələn: "Kimsə uşaqlara qayçı verdi. Baxın, görün daha sonra nə baş verdi" və ya "Bu işçilər pul istəyirlər. Onların pulları əldə etmək üçün hansı yola əl atdıqlarına inana bilməyəcəksiniz". Sosial psixoloqlar bildirirlər ki, insana onun bir az bildiyi (tam bilmədiyi) nəyəsə dair bir fikir vermək onu maraqlandıra bilər.

Rəqəmlər və siyahılar

Çoxsaylı araşdırmalar göstərir ki, idrak nöqteyi-nəzərindən siyahılar xeyli faydalıdır. Onlar bizə "sonsuzluğa baxmağa və əlçatmaz olanı anlamağa" kömək edir. Başlıqların bu qədər effektiv olmasının səbəbləri aşağıda sadalanıb:

Orada tez-tez rəqəmlər istifadə olunur, onlar isə gün ərzində yüzlərlə nəzər saldığımız başlıqların fonunda dərhal gözə çarpırlar.

Bu rəqəmlər sayəsində məqalənin həcmini müəyyən etmək və bu (adətən kiçik) tarixçəni oxumaq üçün nə qədər diqqət sərf edəcəyimizi təsəvvür etmək olar.

Onlar məlumatı fəzada təşkil edirlər. Məhz bu ardıcıllıq beynimizin xoşuna gəlir.

Onlar xoş hiss yaradır, çünki "seçim etmək paradoksunu" aradan qaldırır və onun əvəzinə müəyyənlik illüziyasını təqdim edir.

Belə nəticəyə gəlmək olar: nəticə etibarilə siyahılar oxunu (və təfəkkürü) asanlaşdırır. Bizim beynimiz də idrakın asanlığı və sadəliyini daha üstün qiymətləndirir. Psixoloq Kanemanın fikirlərinə əsasən, "asanlıq və sadəlik hər şeyin yaxşı getdiyinin işarəsidir: heç bir təhdid, vacib xəbər, diqqəti istiqamətləndirmək və gücləri cəmləşdirmək ehtiyacı yoxdur. "Başlıqları nəyə görə oxumaya bilməməyimizin 15 səbəbi" kimi başlıq bizə öncədən müəyyən edilmiş son nöqtəni vəd edir və dünyanı daha anlaşılan edir. Siyahılar yorucu zehni fəaliyyətlə məşğul olmaq zərurətini, çətinliyi və ikimənalılığı aradan qaldırır.

İntizar bizi klikləməyə məcbur edir

Beləliklə, bizi başlıqlara klikləməyə məcbur etmək üçün cəzbedici başlıqlarda effektiv və koqnitiv yollardan istifadə olunur. Çox gözəl. Əgər oxucu başlıqları seçərkən belə emosiyalarına qapılırsa, bu hal bu kimi başlıqların nəyə görə effektiv olmasını izah edə bilməz. Araşdırmalara əsasən, insan zaman-zaman mükafat alsa, məyus olmaq və aldanmaqla barışmağa hazırdır. Cəzbedici başlıqlar isə bəzən bu mükafatları təqdim edirlər. "Bu doqquz inanılmaz heyvan sizin gününüzü daha da parlaq edəcək və ürəyinizi əridəcək" məqaləsinin adı üzərində düşünün. İnternetdə yüzlərlə bu cür adlara rast gəlmək olar və onların bəziləri klik olunmaq üçün daha effektivdir - lakin siz anladınız bunun mənasını. Biz vombatların balalarının kenqurunun balaları ilə necə qucaqlaşması və ya bəbirin balalarının tülkülərin balaları ilə necə oynadığı haqqında danışırıq.

İllərdən bəri sübut olunan bir fakt var: insanlar xoşagələn faktorların axtarışı üçün öncədən proqramlaşdırılıblar. Beynimizin həzz almaq mərkəzində nə etdiklərimiz arasında ciddi bir fərq yoxdur: şirin heyvanlara baxmaq, şirniyyat yemək və ya sekslə məşğul olmaq. Hər üç halda davranışlarımızı idarə etməyə qadir olan dofamin işə düşür. Lakin cəzbedici başlıqların effektivliyini təhlil edə bilmək üçün bu prosesin xronologiyasına nəzər salmaq zəruridir.

Bu şirin doqquz heyvanı mükafat kimi düşünün (sizin beyniniz məhz belə düşünür). Və indi bu cəzbedici başlığı bir işarə olaraq təsəvvür edin, çünki sözügedən gözəl məxluqları görmək üzrəsiniz. Və nəhayət, bir anlıq düşünün ki, bu nəticəni əldə edə bilmək üçün siz bir hərəkət etməlisiniz, daha dəqiq desək, bu xəbərə klikləməlisiniz. Gördüyünüz başlığı açın və gözəl mükafatı qazanın. Bu qədər asan və sadə. Belə fikirləşmək olar ki, mükafatı aldıqdan sonra beynimizə ecazkar dofaminin müəyyən miqdarı daxil olur. Lakin dofaminin səviyyəsi biz işarəni gördükdə daha tez artır. Bu isə əslində başlıqdan həzz aldığımızı bildirir. Stenford Universitetində fəaliyyət göstərən neyrobioloq Robert Sopolski növbəti fikri irəli sürür: "Dofamin həzz almaqdan deyil, xəyalən həzz almaqla əlaqəlidir. Bu xoşbəxtlik deyil, onu gözləməkdir".

Köləlikdə xoşbəxtlik

Lakin tez-tez mükafat vermənin sayı azalarsa, ən maraqlı hadisə baş verəcək. 50% hallarda bu baş verir. Bu təqdirdə yerinə yetirilməmiş vəd bizi yeni məqalələrə klikləməkdən yayındırmayacaq, əksinə, bunu təkrarən edəcəyik. Sopolskinin sözlərinə görə: "Biz "ola bilər" sözünü bərabərləşdiririk, "ola bilər" isə bir çox hallardan asılılıq yaradır". Psixoloqlar bunu ehtimal edilən möhkəmləndirilmə adlandırırlar, bu o deməkdir ki, insanları olduğu kimi davranmağa məcbur etməyin əsas üsullarından biri "yəqin ki" sözünün bərabərləşdirilməsidir.

Göründüyü kimi, heç də hər bir cəzbedici başlıq dofamin səviyyəmizi dəyişməyə qadir deyil. Və ya buna yönəlməyib. Lakin onların emosional həyəcan hissinə təsir göstərdiyini nəzərə alsaq, bu faktorun əhəmiyyətli rol oynadığını qeyd etmək olar. Dərk etməyə gəlincə isə, aydın məsələdir ki, nə qədər çox gözəl qızların videosuna baxsaq da, nə qədər çox siyahı oxusaq da, biz yenə də yalnızlığa qapılmağa davam edəcəyik. Lakin davranış haqqında elm qeyd edir ki, pişiklərin 25 narahat yatış pozalarına dair kitabı oxusaq, bu, yalnızlıq hissini qismən də olsa müvəqqəti azaldacaq.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR