Bakı, 21 yanvar, AZƏRTAC
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin işgüzar nüfuzunun yüksəldilməsi, beynəlxalq miqyasda tanıdılması və eləcə də ölkəyə yeni investisiyaların cəlb edilməsi məqsədilə dünyanın siyasi və biznes liderlərinin təmsil olunduğu Davosda keçirilən Dünya İqtisadi Forumunda “BBC World News” telekanalı vasitəsilə korporativ tanıtım çarxı yayımlanır.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən AZƏRTAC-a bildirilib ki, bu gündən başlayaraq üç gün ərzində müxtəlif saatlarda yayımlanan videoçarxda Xəzər dənizinin ən böyük və ən qədim limanı olan Bakı Limanının Avrasiyada mühüm logistika və tranzit mərkəzinə çevrilməsi istiqamətində gördüyü işlər və Limanın yerləşdiyi coğrafi ərazinin üstünlükləri öz əksini tapıb. Belə ki, videoçarxda Bakı Limanının regionda iki mühüm dəhliz - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, çox əhəmiyyətli coğrafi mövqeyə malik olan yeni İpək Yolunun ayrılmaz hissəsi olduğu öz əksini tapıb. Londonu Şanxayla, Dehlini Helsinki ilə birləşdirən Bakı Limanının dəyişən və daim hərəkətdə olan yeni dünyanın tələblərinə uyğunlaşdığı vurğulanır.
“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının ən mühüm komponenetlərindən biri olan nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi və inkişafı fonunda Bakı Limanının fəaliyyətinin genişləndirilməsi çox mühüm addımlardan biri hesab olunur. Belə ki, Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.