Böyük ehtimalla yaxın illərdə Azərbaycanın idman ölkəsi kimi reytinqi daha da yüksələcək. Nəzərə alsaq ki, biz hələ Olimpiya Oyunlarına ev sahibliyi etməmişik və indidən reytinqimiz belə yüksəkdir, bu, o deməkdir ki, olimpiadaya da ev sahibliyi etsək, Azərbaycan bu siyahıda ilk beşliyə düşə biləcək.

Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Milli.Az-a dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısında Azərbaycanın və paytaxt Bakının adının yer almasını şərh edərkən deyib.

Azərbaycanın reytinqi daha da yüksələcək

Komitə sədrinin fikrincə, bu, prezident İlham Əliyevin son illər ərzində ölkədə müxtəlif istiqamətlərdə, o cümlədən idman sahəsində həyata keçirdiyi islahatların, bütün regionlarda olimpiya komplekslərinin tikilməsinin, eyni zamanda böyük yarışların, o cümlədən ötən il Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səvyyədə təşkil edilməsinin, bu işlərdə Mehriban xanım Əliyevanın şəxsən iştirak və ona rəhbərlik etməsinin, ölkədə təşkil edilən yarışlara ciddi önəm verilməsinin və təşkilatçılığın yüksək səviyyədə olmasının nəticəsidir:
"Bundan əlavə, Azərbaycan bu il Formula-1 yarışlarına və Şahmat Olimpiadasına, daha sonra İslam Oyunlarına, futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Yəni son illər ərzində Azərbaycan idman ölkəsinə çevrilib. Bunun da məntiqi nəticəsi olaraq nüfuzlu nəşrlər və beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir və yüksək yerlərə layiq görülür.
İdman yarışlarına ev sahibliyi etmək hələ ölkə haqqında müsbət imic yaratmır. Burada təşkilatçılıq da vacib məsələlərdən biridir. Çünki bütün böyük yarışların təşkilatçılığı hər zaman ayrıca qiymətləndirilir. Yalnız yüksək təşkilatçılıq nəticədə yarışları təşkil edən ölkə haqqında müsbət rəylərin verilməsinə gətirib çıxarır. Bundan başqa, ev sahibi ölkədə müvafiq infrastrukturun da olması çox önəmlidir. Qısa zamanda görülən işlər nəticəsində Azərbaycan artıq Olimpiya Oyunlarını da qəbul etməyə hazırdır".

Qeyd edək ki, nüfuzlu "Sport Market Intelligence" dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb. Ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb.

Azərbaycanın reytinqi daha da yüksələcək

Belə ki, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları, həmçinin I Avropa Oyunlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 81 ölkə arasında 37-ci yerdədir. Ölkəmizin əmsalı 4111 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 3-cü pillədədir.

Bizi yalnız ümumi siyahıda birinci olan Rusiya (41352) və 30-cu pillədə qərar tutan Qazaxıstan (6751) qabaqlayır. Azərbaycan siyahıda Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Bolqarıstan kimi idman ölkələrini arxada qoyur.

İlk "üçlük"də Rusiyanı müvafiq olaraq, Kanada (40205) və Böyük Britaniya (37191) izləyir. Türkiyə (12861) siyahıda 18-ci yerdədir.

Şəhərlərin siyahısına isə London başçılıq edir. Böyük Britaniyanın paytaxtı 22350 xala malikdir. İlk "beşlik"də Rio-de-Janeyro (17209), Moskva (15777), Tokio (15310) və Paris (12219) yer alıb. Azərbaycan paytaxtı Bakı 3974 xalla dünyanın 26-cı şəhəridir. Paytaxtımız Los-Anceles, Nankin, Dehli, Roma, Dubay, Stokholm, Sidney, Köln, Oslo, Toronto və bir sıra aparıcı şəhərlərdən öndədir. Bakı MDB məkanında Moskva, Kazan, Soçi, Sankt-Peterburq və Almatıdan sonra 6-cı yerdədir. İstanbul isə ümumi siyahıda 6-cıdır.

İlkin İzzət
Milli.Az