Azərbaycanın dünyanın ən yaxşı idman ölkələri siyahısında Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Bolqarıstan kimi idman ölkələrini arxada qoyaraq 37-ci yerə layiq görülməsi və Ermənistanın isə bu siyahıya, ümumiyyətlə, düşməməsində qeyri-adi heç nə yoxdur.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Milli.Az-a təmsil etdiyi nazirliyin adından dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısında Azərbaycanın və paytaxt Bakının adının yer almasını şərh edərkən deyib.
GİN-nin sözçüsü bildirib ki, Azərbaycan dəfələrlə beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməklə, ortaya qoyduğu işi ilə bunu sübut edib: "Dünya Olimpiya Komitəsinin sədri Tomas Bax, Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki və ümumiyyətlə, ölkəmizə gələn beynəlxaq idman qurumlarının rəhbərləri hər zaman vurğulayıblar ki, Azərbaycan bütün yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Yarışlara ev sahibliyindən danışanda kiçik, insanların gözünə görünməyən, lakin onların yüksək səviyyədə keçməsinə səbəb olan məqamlar var. Bu, Azərbaycanda təşkilatçılıq, təhlükəsizlik, ölkənin qazandığı etibar, məsuliyyət, infrastruktur, nəqliyyat, avadanlıq, texniki təchizat və s. məsələlərlə bağlı ən xırda detalların nəzərə alınması deməkdir. Bu məsələlər zərgər dəqiqliyi ilə ölçülüb biçilir. Ona görə də ölkəyə gələn istər idmançılar, istərsə də qonaqlar, istərsə də turistlər razı qalırlar. Bunun ən bariz nümunəsi Bakıda keçirilən ilk Avropa Oyunları oldu. Oyunlar zamanı Bakıya gələn istər media və idman mütəxəssisləri, istərsə də beynəlxalq qurumların rəhbərləri olsun, hər biri hələ də Azərbaycanın ev sahibliyi etdiyi həmin yarışdan danışırlar. Ona görə də aparılan qiymətləndirmə göstərir ki, Azərbaycanın adı bu siyahıda əbəs yerə yuxarı pillələrdə deyil".
Qeyd edək ki, nüfuzlu "Sport Market Intelligence" dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb. Ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb.

Belə ki, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları, həmçinin I Avropa Oyunlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 81 ölkə arasında 37-ci yerdədir. Ölkəmizin əmsalı 4111 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 3-cü pillədədir.
Bizi yalnız ümumi siyahıda birinci olan Rusiya (41352) və 30-cu pillədə qərar tutan Qazaxıstan (6751) qabaqlayır. Azərbaycan siyahıda Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Bolqarıstan kimi idman ölkələrini arxada qoyur.
İlk "üçlük"də Rusiyanı müvafiq olaraq, Kanada (40205) və Böyük Britaniya (37191) izləyir. Türkiyə (12861) siyahıda 18-ci yerdədir.
Şəhərlərin siyahısına isə London başçılıq edir. Böyük Britaniyanın paytaxtı 22350 xala malikdir. İlk "beşlik"də Rio-de-Janeyro (17209), Moskva (15777), Tokio (15310) və Paris (12219) yer alıb. Azərbaycan paytaxtı Bakı 3974 xalla dünyanın 26-cı şəhəridir. Paytaxtımız Los-Anceles, Nankin, Dehli, Roma, Dubay, Stokholm, Sidney, Köln, Oslo, Toronto və bir sıra aparıcı şəhərlərdən öndədir. Bakı MDB məkanında Moskva, Kazan, Soçi, Sankt-Peterburq və Almatıdan sonra 6-cı yerdədir. İstanbul isə ümumi siyahıda 6-cıdır.
İlkin İzzət
Milli.Az