A+
A–

Kanberra, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Oklenddə 12 ölkənin ticarət nazirləri yeni regional iqtisadi birliyin – Trans-Sakit okean Tərəfdaşlığının (TPP) yaradılması barədə razılaşmanı imzalayıblar. Sənədi ABŞ, Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, Çili və Yaponiyanın ticarət nazirləri imzaları ilə təsdiq ediblər.
TTP – Asiya-Sakit okean regionunda əmtəələrə və xidmətlərə gömrük rüsumlarının tamamilə ləğvini nəzərdə tutan ticarət paktıdır.
TTP üzrə razılaşma iştirakçı ölkələr tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Bunun üçün təqribən iki il vaxt lazım olacağı gözlənilir.
Mərasimdən sonra təşkil olunan mətbuat konfransında beş ölkənin – Yeni Zelandiya, Avstraliya, Çili, Meksika və Sinqapurun nazirləri ölkələrinin parlamentlərinin sənədi artıq cari ildə ratifikasiya edəcəyinə ümidvar olduqlarını bildiriblər. Digər ölkələrin nazirləri konkret vaxt göstərməsələr də razılaşmanın mütləq təsdiq olunacağına inandıqlarını qeyd ediblər.
Yeni Zelandiyanın ticarət naziri Todd Makkley həmçinin bildirib ki, Asiya-Sakit okean regionunun bir çox ölkələri – İndoneziya, Koreya Respublikası, Tailand və Filippin də TPP-yə böyük maraq göstərir. Nazir əlavə edib ki, bu günki müzakirələrdən sonra ticarət nümayəndələrinə həmin ölkələrlə məsləhətləşmələrin aparılması tapşırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra
Oklenddə Trans-Sakit okean Tərəfdaşlığının yaradılması barədə razılaşma imzalanıb