A–
Belqrad, 5 fevral, AZƏRTAC
Serbiya qaçqın probleminin həllində vahid yanaşmanın tətbiqinə çağırır və müvafiq məsələnin tənzimlənməsində istənilən çıxış yolunu qəbul etməyə hazırdır. Bu sözləri Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak edən Serbiyanın Baş naziri Aleksandr Vuçiç deyib.
Baş nazir əlavə edib ki, Serbiya Avropa İttifaqının (Aİ) üzvü olmamasına baxmayaraq, Suriya üçün UNİCEF-ə 500 min avro həcmində yardım ayırıb. O deyib: “Biz rəsmi Brüsseldən və bir sıra Aİ-yə üzv ölkələrindən qaçqın probleminin həllində mövqelərini dəqiqləşdirmələrini gözləyirik. Serbiya hökuməti əldə olunmuş yekun razılığa fəal töhfə verməyə hazırıdır”.
Qeyd edək ki, 60 ölkədən yüksək səviyyəli nümayəndənin qatıldığı bu formatda konfrans dördüncü dəfədir keçirilir və Suriyaya, bölgədə böhrandan əziyyət çəkən digər ölkələrə yardım məqsədilə BMT-nin təxminən 8 milyard avro yardım ayrılması tələbinin müzakirəsi üçün təşkil olunub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad