Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsində II tura start veriləcək.

ANS PRESS-in məlumatına görə, Serbiyada təşkil olunan turnirdə "D" qrupunda mübarizə aparan Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq.

Qrup mərhələsində son matçına çıxacaq yığmamız üçün bu qarşılaşma həlledici xarakter daşıyır. Belə ki, ilk oyunda İtaliyadan 3 cavabsız qol buraxan komandamızın taleyi böyük ölçüdə bu matçdan asılıdı. Komandamız 4 və ya daha çox top fərqi ilə qalib gəlsə, adını 1/4 finala yazdıracaq. İstənilən hesablı məğlubiyyət isə İtaliya ilə Çexiyanı 1/4 finala daşıyacaqsa, millimiz üçün "AVRO-2016"nın bitməsi anlamına gələcək.

Azərbaycanın ölüm-dirim oyunu
Faustino Peres - Azərbaycan millisinin baş məşqçisi

Digər nəticələr isə Faustino Peresin yetirmələrini qeyri-müəyyənlikdə saxlayacaq. Çünki həmin hallarda 1/4 finalçıların adlarına sonuncu turun Çexiya - İtaliya görüşü aydınlıq gətirəcək. Azərbaycan - Çexiya oyunu Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.Qitə birinciliyinə fevralın 13-də yekun vurulacaq.

Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev Çexiyaya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib. ANS PRESS-ə açıqlamasında kapitan bunları bildirib: "Bizim üçün Çexiya ilə oyun olduqca vacib qarşılaşmadır. Onlara mütləq qalib gəlməliyik. Qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Onlara qalib gəlib yolumuzu davam etdirəcəyik. Bu görüşə tam hazırıq və yalnız qələbə haqda düşünürük”.

Avropa çempionatı
Qrup mərhələsi
II tur, D qrupu

5 fevral
00.00 Azərbaycan - Çexiya
Hakimlər: Admir Zahoviç (Sloveniya), Gerald Bauernfelnd (Avstrita).
Belqrad. “Belqrad Arena”.