A+
A–

Bakı, 9 fevral, AZƏRTAC
Daşınılan mal haqqında ilkin informasiyanın olduğu yüklər Aktauda ləngimədən sənədləşdiriləcək.
AZƏRTAC “Atameken” saytına istinadla xəbər verir ki, bu məlumat Türkiyədən Qazaxıstana Bakı-Aktau limanı vasitəsilə yük daşımalarını həyata keçirən bütün daşıyıcılara müraciətdə yer alıb.
Aktau limanında nəqliyyat vasitələrinin və malların keçirilməsi prosedurlarını sürətləndirmək və sadələşdirmək üçün məsul dövlət orqanları tərəfindən Qazaxıstan Respublikasının “Atameken” Sahibkarlar Milli Palatası ilə birlikdə qarşılıqlı fəaliyyət qaydaları hazırlanıb. Yük daşımalarına nəzarət “bir pəncərə” prinsipi üzrə həyata keçiriləcək. Qaydalara əsasən bir maşının sənədlərinin yoxlanması iki dəqiqədən artıq olmamalıdır. Yükdaşıyıcı yoxlamanın sadələşmiş keçməsi üçün Aktau limanındakı gömrük məntəqəsinə aparılan yük haqqında əvvəlcədən informasiya təqdim etməlidir.
Məlumatda bildirilir ki, Türkiyədən Qazaxıstana bərə daşımalarının həcmi dekabr ayından bəri 10 dəfə artıb. Bununla əlaqədar aparılan yüklərin sənədləşdirilməsində və maşınların keçməsində çətinliklər yaranıb. Beynəlxalq Avtomobil Daşıyıcıları İttifaqının məlumatına görə, hazırda bu istiqamətdə bütün daşımaların 90 faizi Qara dəniz və Xəzər dənizi vasitəsilə alternativ marşrutdan istifadə edilməklə həyata keçirilir.
Sahibkarlar Palatasının məlumatında deyilir: “Məlumatların ötürülməsi üçün www.pi.customs.kz milli portalında qeydiyyatdan keçmək lazımdır. Bu, istənilən vaxt lazım olan məlumatların ötürülməsini təmin edəcək və Aktau limanında yükləri sənədləşdirməkdə ləngiməni aradan qaldırmağa imkan yaradacaq”.
Qeyd edək ki, hazırda Bakı-Aktau-Bakı xəttində altı bərə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bir “Ro-Ro” gəmisi işləyir.