Bakı, 15 fevral, AzərTAc
Bu il yanvarın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,1 min nəfər olub və onların 631,7 min nəfəri qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, muzdla işləyənlərin 22,2 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində və 17,3 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.