Roma, 15 fevral, AzərTAc
İtaliyanın Yəməndəki səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Məlumatda qeyd edilir ki, son günlər Yəməndə yaşanan gərginlik və təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi səbəbindən paytaxt Sənada fəaliyyət göstərən diplomatik nümayəndəliyin əməkdaşlarının və səfirin İtaliyaya qayıtmasına dair qərar qəbul olunub.
Məlumatda bu qərarın artıq Yəməndə öz səfirliklərinin fəaliyyətini dayandıran bir sıra tərəfdaş ölkələrlə ortaq mövqedən çıxış edərək verildiyi bildirilir. Diqqətə çatdırılır ki, İtaliya XİN və beynəlxalq birlik BMT-nin xüsusi nümayəndəsi Camal Benomarın vasitəçiliyi sayəsində tezliklə Yəməndə zəruri təhlükəsizlik tədbirlərinin bərpa olunacağına ümid edir.
Qeyd edək ki, artıq Böyük Britaniya, Fransa və ABŞ Yəməndəki diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırıblar.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma