A–
Tbilisi, 17 fevral, AZƏRTAC
Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyənin birbaşa iştirakı ilə həyata keçirilən layihələr regionda və bütövlükdə Avropada sülhə və təhlükəsizliyə xidmət edir.
Bu fikirlər Tbilisidə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun gürcüstanlı həmkarı Mixail Canalidze ilə görüşündə səsləndirilib.
Bildirilib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan bir sıra layihələr artıq müsbət nəticələrini verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, Batumidə tikilən aeroport və s. layihələr bunlara misaldır. Bu ilin sonlarına Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi başa çatdıqdan sonra ölkələrimiz arasında birbaşa dəmir yolu əlaqəsi də yaranacaq.
M.Çavuşoğlu deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə əlaqədar Türkiyə tərəfində yaranmış problem artıq öz həllini tapıb və tikinti işləri nəzərdə tutulmuş vaxtda başa çatacaq.
Görüşdə, həmçinin Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlıq şurasının yaradılması və bununla əlaqədar mart və ya aprel aylarında yüksək səviyyəli görüşün keçirilməsi, ticarət dövriyyəsinin artırılması məsələləri də nəzərdə keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
azertag.az: Türkiyə və Gürcüstan xarici işlər nazirləri regional layihələrin perspektivlərini müzakirə ediblər