A–
Belqrad, 17 fevral, AZƏRTAC
Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç Avropanı bürüyən miqrant böhranı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, miqrant probleminə münasibətdə Avropa İttifaqının vahid yanaşma nümayiş etdirməsi hazırda çox vacibdir.
Baş nazirin müavini deyib: “İndiyə kimi Serbiya bu məsələyə ədalətli və konstruktiv münasibət bildirib. Təkcə ötən il ölkəmizin ərazisindən 600 min miqrant keçib. Bu rəqəm onu deməyə əsas verir ki, Aİ problemə vahid yanaşmayacağı, müxtəlif ölkələr təkbaşına qərarlar alacağı təqdirdə biz mürəkkəb bir vəziyyətlə qarşılaşacağıq. Avstriyanın xarici işlər naziri Sebastian Kurts bəyan edib ki, ölkəsi miqrantların sayında məhdudiyyətlər tətbiq etməyə hazırlaşır və növbəti addımlar “Balkan marşrutu” üzrə yerləşən ölkələrin verəcəkləri qərarlara əsasən müəyyənləşdiriləcək. Əlbəttə, Avstriya sərhədləri bağlayacağı təqdirdə Sloveniya və Xorvatiyanın da oxşar addımlar atacağı gözləniləndir. Belə olan halda Serbiya da sərhədləri bağlamaq məcburiyyətində qala bilər. Bizim bu qədər miqrantı Serbiyada daimi saxlamaq imkanımız yoxdur. Bütün bu anlaşılmazlıqların qarşısını almaq, gələcəkdə Aİ və Balkan ölkələri üçün əlavə problemlərin yaranmasını əngəlləmək baxımından təcili və vahid qərarlar alınmalıdır. Serbiya humanist davranmağa və miqrant məsələsində digər ölkələrə nümunə olmağa davam edəcək”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
azertag.az: İvitsa Daçiç: Avropa İttifaqının miqrant problemi ilə bağlı vahid yanaşması olmalıdır