A+
A–

Bakı, 18 fevral, AZƏRTAC
Bu günlərdə okeanın o tayından Azərbaycanın musiqi ictimaiyyətini sevindirəcək gözəl bir xəbər gəldi. Belə ki, ABŞ-ın San-Fransisko şəhərinin məşhur “San Fransisko” Caz Mərkəzində “Kronos” festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib. Dünya şöhrətli bəstəkarımızın “Kronos” Kvarteti tərəfindən ifa edilən bu yeni əsəri tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.
Kvartetin “Gələcək üçün əlli” adlı eksklüziv proqramı üçün bəstələnən əsər, Azərbaycanda qədim zamanlardan nəsillərdən-nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir. Zaman-zaman mənfur qonşularımız milli-mədəni irsimizin bir çox nümunəsi kimi musiqimizə, mili ritmlərimizə iddia ediblər. Bu səbəbdən, Firəngiz xanımın bu əsərinin belə bir dünya şöhrətli bir ansamblın ifasında səsləndirilməsi mədəniyyətimizin təbliği istiqamətində təqdirəlayiq hadisədir.
Ötən həftə daha bir xoş xəbərin sədası Almaniyanın Koburq şəhərindən gəldi. Koburq şəhərinin “Landestheater” teatrının səhnəsində Firəngiz xanımın bəstələrindən ibarət “Gizli hadisələr” adlı balet təqdim edildi. Bu şəhərin opera və balet teatrının repertuarına daxil edilmiş balet səhnəyə Mark Makkleyn, Tara Yipp və Poşenq Yeh tərəfindən qoyulub. Orijinallığı ilə seçilən balet parlaq cərəyanların birləşməsi olaraq hazırlanıb.
“Gizli hadisələr” baletinin nümayişində UNESCO-nun Sülh artisti, professor Firəngiz Əlizadə fəxri qonaq kimi iştirak edib. Baletin nümayişindən sonra tamaşaçılara təqdim edilən görkəmli bəstəkarımız gurultulu alqışlarla qarşılanıb. Firəngiz xanımdan gələcək layihələrin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlığın davam etdirilməsi xahiş olunub.
Azərbaycan kimi gənc bir ölkə… Bəlkə də bir çox Almaniya vətəndaşı ömründə bircə dəfə də olsun “Azərbaycan” sözünü tələffüz etməyib. Amma balaca bir ölkənin vətəndaşı öz musiqisi ilə Almaniyanın, Avropanın və dünyanın bir çox adlı-sanlı ölkələrinin konsert salonlarında minlərlə musiqi həvəskarının ürəyini fəth edib. Bu səbəbdən “Kronos” Kvartetinin Firəngiz xanımın yaradıcılığına müraciət etməsi heç də təsadüfi deyil. Bu arada xüsusi qeyd etmək istərdim ki, Azərbaycan musiqi tarixində Firəngiz Əlizadə yeganə bəstəkardır ki, “Kronos” Kvarteti onun əsərlərini tez-tez repertuarına daxil edərək, ona yeni-yeni musiqilər bəstələməyi sifariş verir.
Hələ gənc yaşlarından Firəngiz Əlizadə özünü çox istedadlı musiqiçi kimi tanıda bilib. Ona görə də, Qara Qarayevin tələbələrindən söz düşəndə ilk olaraq Firəngiz Əlizadənin adı çəkilir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova Firəngiz xanımın ilk böyük əsəri olan “Sonata”sının premyerasını belə xatırlayır:
“Yaxşı yadımdadır, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının böyük zalında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunurdu. Həmin gün F.Əlizadənin “Sonata”sı müəllifin ifasında dinləyicilərə təqdim edilirdi. Son akkordlar səslənəndən sonra hamı üçün gözlənilməz bir hadisə baş verdi; dahi bəstəkarımız Qara Qarayev birdən sürətli addımlarla səhnəyə qalxıb ucadan dedi: “Baxın, budur əsl müasir musiqi”. Sonra isə Firəngizi qucaqlayıb öpdü. Həmin anlarda Qara müəllim uşaq kimi sevinirdi, çünki bir gənc bəstəkar kimi, öz övladı kimi Firəngizin xətrini çox istəyirdi. Zalda çox dinləyici vardı, hamı bir nəfər kimi gənc bəstəkarı alqışlayırdı”.
Ümumiyyətlə, müasir Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Firəngiz xanım gözəl bəstəkar, virtuoz pianoçu, tələbkar dirijor, dərin düşüncəli nəzəriyyəçi, təcrübəli pedaqoq və ictimai xadim kimi nəinki ölkəmizdə, həmçinin ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət qazanmış bir sənətkar, Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təmsil edən ən parlaq şəxsiyyətlərdən biridir.
Onun əsərləri dünyanın müxtəlif ölkələrində, ən möhtəşəm konsert salonlarında və teatr səhnələrində səslənərək minlərlə dinləyicinin və tamaşaçının böyük rəğbətini qazanıb, dünya şöhrətli ən nüfuzlu ifaçılardan İvan Monigettinin, David Qerinqasın, Yo Yo Manın, Evelin Qlenninin, Elzabet Mozerin, Alim Qasımovun və məşhur ansambllardan – “Kronos Quartet” (ABŞ), “Die 12 Cellisten der Berliner Philormoniker” (Almaniya) və digərlərinin repertuarına böyük həvəslə daxil edilib.
Firəngiz Əlizadə əsərləri ölkə hüdudlarından kənarda böyük məmnunluq hissi ilə ifa olunan yeganə bəstəkardır ki, qastrol etdiyi şəhərlərin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San-Diyeqo, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Paris və s.
Bəstəkarın mili mənəvi və psixoloji- əxlaqi keyfiyyətləri tərənnüm edən “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” - müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, “Silk road” Konserti, violonçel və orkestr üçün konsert “Mərsiyə”, böyük simfonik orkestr üçün “İthaf” və s. bu kimi əsərləri bu gün də dünyanın mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında böyük müvəffəqiyyətlə səslənir və ən nüfuzlu ifaçılarının repertuarını bəzəyir.
Bu səbəbdəndir ki, Firəngiz Əlizadəni həmin ölkələrin “composer in residence” (ölkənin rəsmi bəstəkarı) kimi fəxri titulu ilə təltif ediblər. Bu da Firəngiz xanımın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını bir daha təsdiq edir.
Bu gün haqlı olaraq Firəngiz Əlizadəni dünyanın ən yaxşı bəstəkarlarından biri adlandırırlar. Mən isə deyərdim ki, Firəngiz xanım dünyanın sülh bəstəkarıdır. Çünki onun əsərlərinin dili yoxdur. İstər amerikan, alman, fransız, istər rus, eləcə də türk qardaşlarımız bu bəstəkarı özününkü hesab edir və onun əsərlərinə böyük məmnunluq hissi ilə qulaq asırlar. Bu bəstəkar üçün ən vacib və ən sevindirici bir haldır.
Əlbəttə, Firəngiz xanımın çoxşaxəli yaradıcılığı, ifaçılıq fəaliyyəti, əldə etdiyi çoxsaylı uğurları haqqında saatlarla danışmaq olar. Ona görə də, bu məqalədə bəzilərini xatırlamaqla, onun ümumi yaradıcılığı barədə təəssürat yaratmağı daha məqsədəuyğun hesab edirik.
Məlumdur ki, ötən əsrin 90-cı illərindən başlayaraq, Azərbaycanda cərəyan edən ictimai-siyasi olaylar bir çox yaradıcı sənətkarlar kimi, F. Əlizadənin də yaradıcılığında yeni mərhələnin açılmasına rəvac verdi. 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olundu. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanır. Baletin premyerasında Türkiyə dövlətinin o dövrdəki dövlət və hökumət nümayəndələri də iştirak edirdilər. Türkiyə hökumətini xahişi ilə Firəngiz xanım qardaş ölkədə bir neçə il fəaliyyət göstərdi. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan Firəngiz xanım 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının ("Akademie der Künste") professoru vəzifəsinə dəvət aldı. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərdi. Bu illər ərzində Firəngiz xanım dünyanın müxtəlif ölkələrində möhtəşəm konsertlər verməklə müasir musiqinin ən görkəmli nümayəndələrindən biri kimi adını tarixə yazdırdı. Bu sahədə məhsuldar fəaliyyətinin nəticəsi olaraq o, 2007-ci ildə UNESCO-nun Sülh artisti fəxri tituluna layiq görüldü. Bu Azərbaycan üçün musiqi salnaməmizə qızıl həriflərlə yazılacaq bir hadisə idi və Firəngiz xanım da belə bir titula layiq görülən ilk azərbaycanlı bəstəkar kimi tarixə düşdü.
Lakin özünü Azərbaycan mədəniyyətinin tərənnümünə həsr etmiş fədakar sənətkar kimi onu Vətən, doğma torpaq, milli incəsənət özünə sıx bağladığı üçün o, öz bacarığını və istedadını bu yolda sərf etməyi üstün tutur. Firəngiz Əlizadənin Bakıya dönməsi ilə Azərbaycan musiqi həyatında bir canlanma yaranır. Şübhəsiz, doğma Vətənində o, öz potensial imkanlarını daha da həvəslə həyata keçirir.
Firəngiz Əlizadə bu gün də öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə tanıtmaqda davam edir. Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün "Oyan!" (Paris, Fransa, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, ABŞ, 2006), "Optical İdentity" baleti (Sinqapur, 2007), Misteriya "Al Kamandcaty" (Roma, İtaliya, 2007), Skripka üçün "Dastan" (Ausburq, Almaniya, 2007), hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, İsveçrə, 2008), "Your name means the Sea" operası (Hyuston, ABŞ, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), fortepiano üçün "Landscape" (Fransa, 2012) və s. qeyd etmək olar.
F.Əlizadənin yaradıcılığı barədə danışarkən, onun daha bir uğurunu da xatırlamaq yerinə düşər. Bu, ötən il, məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon" albomu 2014-ci ildə “İlin ən yaxşı kamera musiqisi” nominasiyasında "Grammy" mükafatına layiq görülməsidir. Azərbaycan bəstəkarlıq məktəbi tarixində Firəngiz Əlizadə bu mükafatı alan ilk bəstəkardır və təbii ki, bu mükafat bütövlükdə Azərbaycan musiqisinin uğuru kimi dəyərləndirlir.
Daima öz əsərlərində ümumbəşəri mövzulara toxunaraq insanların diqqətini qlobal məsələlərə yönəltməyi bacaran bəstəkarımızın yaradıcılığının əsas ana xəttini yenə də canından artıq sevdiyi doğma Azərbaycanın tərənnümü təşkil edir. Buna misal olaraq, onun yaradıcılığının şah əsəri kimi qiymətləndirilən “İntizar” operasını göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan, yüksək bədii keyfiyyətlərə malik müasir bir əsər olan “İntizar” operasının əsas ideyası - Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümüdür. Bu opera Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir.
“İntizar” operasının timsalında biz Qarabağ mövzusunun opera sənətində yüksək sənətkarlıqla uğurlu təcəssümünün, bədii ifadə vasitələrinin, obrazlar sisteminin formalaşmasının şahidi oluruq. Bu mənada, opera son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərin yaranmasına olan mənəvi tələbata tam cavab verir. Firəngiz xanımın “İntizar” operasının 2007-ci ildə ilk dəfə Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaya qoyulması da təsadüfi deyildi. Çünki bu əsərin ilhamvericisi mərhum Mstislav Rastropoviç Firəngiz xanımla Nərgiz xanıma vətənpərvərlik mövzusunda böyük opera əsəri yazmağı təklif edərək bu əsərə dirijorluq edəcəyini vəd etmişdi. Təəssüf ki, bu ona qismət olmasa da, “İntizar” operası məhz onun adını daşıyan festival çərçivəsində reallaşdı və beynəlxalq miqyasda böyük rezonans doğurdu.
Bu opera sözün əsil mənasında, musiqi həyatımızda baş verən ən böyük hadisəyə çevrildi, həm dövlət rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət tərəfindən opera xalqımızın sarsılmazlığının, haqq işi uğrunda ədalətli mübarizəsinin təcəssümü kimi böyük rəğbətlə qarşılandı.
Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Xalq Artisti fəxri adlarına, “Şöhrət” ordeninə və bir sıra mükafatlara, o cümlədən "Uğur", "Zirvə" mükafatlarına layiq görülüb.
Saysız-hesabsız yaradıcılıq uğurlarına malik Firəngiz Əlizadənin yaradıcılığı əbədiyaşardır, rəngi solmayan, bütün zamanlarda öz aktuallığını saxlayan və hər yerdə ürəklə təqdim olunası əsərlərdən ibarətdir. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, onu dünyada tanıdan Firəngiz Əlizadə kimi bəstəkar övladı var. Bu, yalnız onun deyil, bütövlükdə Azərbaycanın mədəniyyət tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və yuxusuz gecələri, tükənməz zəhməti sayəsində nail olub.
Əlbəttə ki, yaradıcılıq sahələri ilə yanaşı, Firəngiz Əlizadənin musiqi-ictimai fəaliyyətindən də ayrıca danışmağa dəyər. Belə ki, o, respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan F.Əlizadə 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin katibi, 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib. Daha sonra 2012-ci ildə İttifaqın üzvləri onu yekdilliklə yenidən sədr seçdilər və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.
Onu da demək istərdim ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər dayanıb. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olublar. Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının İdarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir.
Bu gün Firəngiz Əlizadənin başçılıq etdiyi musiqiçilərimizin ən nüfuzlu təşkilatı olan, möhkəm ənənələrə və zəngin tarixə malik Azərbaycan Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlarımızın dəyərli əsərləri Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə festivallarda, plenumlarda, baxışlarda, konsertlərdə səsləndirilir, onların kompakt diski və albomları buraxılır, son nəticədə professional musiqimiz yeni töhfələrlə zənginləşir. Həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə tanınmış bəstəkarlar və musiqişünasların həyat və yaradıcılığından bəhs edən bröşürlər nəşr olunur.
Yeri gəlmişkən qeyd etməliyəm ki, Azərbaycanda keçirilən bir çox musiqi tədbirlərinin təşkilində F.Əlizadənin rolu böyükdür. Bilavasitə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən “Muğam Aləmi” Beynəlxalq Muğam Festivallarında bədii rəhbər kimi konsert proqramlarının, elmi simpoziumların təşkili, nəşrlərin hazırlanmasında Firəngi xanımın böyük əməyi vardır. Eyni zamanda, “İpək yolu” Beynəlxalq Musiqi Festivalını da xüsusi qeyd etmək istərdim. Bu möhtəşəm festivalın əsas məqsədi qədim dövrlərdən Azərbaycan şəhərlərindən keçən tarixi “İpək yolu”nun əhatə etdiyi Şərq və Qərb mədəniyyətin qarşılıqlı mədəni əlaqələrini daha da genişləndirməkdən ibarətdir. Konsertlərin Şəkidə keçirilməsi bu musiqi proqramlarına xüsusi rəngarənglik, poetiklik və gözəllik bəxş edir.
Həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz xanım bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Bu işdə bizə yalnız uğurlar diləmək düşər.

İltifat Hacıxanoğlu
Jurnalist

azertag.az: Dünyanın sülh bəstəkarı