Bakı. Elçin Mehdiyev - Trend:

"Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəldən bilirdi".

Trend-in məlumatına görə, bunu Azərbaycan hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimat mərasimində çıxışı zaman deyib.

X.Vəliyev bildirib ki, o zaman Daxili İşlər Nazirliyi məlumat yaydı ki, faciədə cəmi iki adam ölüb: "Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirilməsini sübut etmək üçün xeyli əziyyət çəkməli oldu".

Hərbi prokuror deyib: "Mən sözümün arxasındayam və bu sözü havada səslənməsi üçün demədim. Azərbaycan hakimiyyəti Xocalıda soyqırım olacağından xəbərdar idi. Bunu bilmək üçün xüsusi məlumatların olmasına gərək yox idi. Bu hadisələr 1991-ci ilin noyabrında başlamışdı və intensiv şəkildə davam edirdi. Qarabağın müxtəlif kəndlərində bunlar baş verirdi. Əlbəttə, Xocalı həcmində olmasa da, onlarla adam öldürülür, yüzlərlə insan yaralanırdı. Fevral ayının 16-17-də Qaradağlıda 67 nəfər qətlə yetirildi. Ondan da bir həftə sonra Xocalı faciəsi baş verdi. Siz bilirsiniz ki, o zaman Xocalıda 7 minə yaxın əhali yaşayırdı. Amma hadisə baş verəndə orda o qədər adam olmayıb. Bunun səbəbini başa düşmək üçün alim olmağa gərək yoxdur. Azərbaycan hakimiyyətinin sözsüz ki bundan xəbəri var idi, amma bunun qarşısını almaq üçün heç bir tədbir görmədi. Bu bir yana qalsın, hadisə baş verəndən sonra da insanların heç olmasa ordan köçməsini təşkil etmək lazım idi".

Bizi Twitter-dən izləyin: @trend_az