Serbiya müxalifətinin bir qismi hökumətdən NATO ilə əməkdaşlıqla bağlı referendum keçirilməsini tələb edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Müxalif "Qapılar" təşkilatı hökumətin NATO ilə əməkdaşlığını dayandırmasını tələb edib. Serbiya Xalq Partiyası da ölkədə referendumun keçirilməsini tələb edib:
"Parlament seçkilərindən sonra Serbiya Xalq Partiyası referendumun keçirilməsinin əsas təşəbbüskarı olacaq. Biz inanırıq ki, heç bir partiya xalqın demokratik seçimindən yayınmayacaq".
Qeyd edək ki, bundan öncə Serbiya prezidenti Tomislav Nikoliç NATO ilə ölkəsi arasında olan əməkdaşlıq müqaviləsini təsdiqləyib. Məhz bu, ölkədə bir sıra təşkilatların etirazına səbəb olub. Üstəlik, Serbiya Parlamenti fevral ayında NATO-ya öz ərazisindən logistik dəstəyin verilməsi ilə bağlı sənədi ratifikasiya edib. Qərbin Serbiyanı və digər Balkan ölkələrini öz içərisinə doğru çəkməsi Moskvanın kəskin müqavimətinə səbəb olur. Ölkədəki rusiyayönlü qüvvələr əsasən məhz bununla bağlı hazırkı hökumətə təzyiq etməyə çalışırlar.
Belqrad 2013-cü ildən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusuna sahibdir. Bununla bərabər, Serbiya Parlamenti 2007-ci ildə ölkənin heç bir hərbi ittifaqa qoşulmaması haqqında qətnamə qəbul edib.
Milli.Az