A–
Bakı, 24 fevral, Ramiz Quliyev, AZƏRTAC
MDB dövlətlərinin tikinti sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şurası tikinti kompleksində fəaliyyət göstərən qabaqcıl müəssisələrin müəyyən edilməsi məqsədilə hər il ən yaxşı tikinti və layihə təşkilatı, tikinti materialları istehsalçısı və tikinti sənayesi müəssisəsinə dair müsabiqə təşkil edir.
Bu barədə AZƏRTAC-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən bildirilib.
Müsabiqənin keçirilməsində məqsəd MDB ərazisində tikinti sahəsində qabaqcıl şirkətlərin müəyyən edilməsi və mükafatlandırılmasıdır. Müsabiqədə əsasən tikinti və layihə təşkilatlarının, tikinti materialları və tikinti sənayesi müəssisələrinin yerinə yetirdikləri iş (istehsal, xidmət) həcmləri və fəaliyyətinin əsas göstəriciləri nəzərə alınacaq.
Müsabiqədə iştirak etmək istəyən müəssisə və təşkilatlar 2016-cı il aprelin 15-dək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək müsabiqədə iştirak ilə bağlı əlavə məlumatları əldə edə bilərlər.
Qeyd edək ki, Şuranın katibliyi Moskva şəhərində yerləşir.
AZERTAG.AZ :MDB üzrə ən yaxşı tikinti və layihə təşkilatı müəyyən olunacaq