A–
Bakı, 25 fevral, AZƏRTAC
Cənubi Qafqazın aparıcı media platformalarından olan “Myvideo” Azərbaycanın kino məhsullarının Yaxın Şərq, Fars körfəzi və Şimali Afrika ölkələrinin bazarlarına çıxmasını təmin etmək üçün öz fəaliyyətini aktivləşdirir.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə fəal danışıqlara cari ilin mart ayında Türkiyənin paytaxtında keçiriləcək beynəlxalq “DISCOP ISTANBUL 2016” sərgisi çərçivəsində başlanılacaq. Sərgi çərçivəsində “Myvideo”nun işçi qrupu qeyd edilən region ölkələrinin ərazilərində kino məhsullarının kinoteatrlarda nümayişi ilə məşğul olan şirkət və təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçirəcək. Həmin görüşlər zamanı həm mövcud olan, həm də çəkilişi planlaşdırılan filmlərin prokata çıxarılması imkanları müzakirə olunacaq.
Qeyd edək ki, “DISCOP ISTANBUL” sərgisi kinokontent sahəsində keçirilən ən mötəbər tədbirlərdəndir. Sərgidə 70-ə yaxın ölkədən 1000-dən çox şirkət və təşkilat iştirak edir. Sərgi zamanı müxtəlif janrlara aid kontent (kinofilmlər, teleseriallar və teleproqramlar, animasiya layihələri, telefilmlər, sənədli dramalar və s.), həmçinin prodakşn studiyalarının istehsal imkanları və xidmətləri təqdim olunacaq. Əsas diqqət beynəlxalq layihələrin birgə istehsalında Azərbaycanın tərəfdaş kimi potensialının açılmasına yetiriləcək.
AZERTAG.AZ :“Myvideo” filmlərimizi Asiya və Afrika bazarlarına çıxarmaq niyyətindədir